Artıq iki həftədir Türkiyə mediasında və sosial şəbəkə seqmentlərində Azərbaycana qarşı yönələn sistemli təhqir, təhdid və qaralama kampaniyası bizdə haqlı bir təəssüf və hiddət doğurmaqdadır.
Bu prosesləri dərindən təhlil etdikdə qardaş ölkənin ictimai rəyini yönləndirən, kütlələrin beyninə təsir edənlərin əksəriyyətinin nə qədər savadsız, cəhalət içində boğulan şəxslər olduğu bütün çılpaqlığı ilə üzə çıxır.
Bu gün Ankaradakı bəzi siyasi dairələr öz daxillərində bəslədikləri bu radikal elementlərin həm Türkiyənin özünə, həm də onun strateji tərəfdaşları ilə münasibətlərinə vurduğu ağır zərbəni görməzdən gələ bilərlər. Lakin tarix amansızdır; bu xəyanətin fəsadları yaxın gələcəkdə hər kəs üçün tamamilə aydın olacaq.
Bir vaxtlar bütün müsəlman dünyası üçün dünyəvilik, modernizm və inkişaf nümunəsi olan Türkiyə Cümhuriyyəti bu gün, təəssüf ki, addım-addım “Taliban” zehniyyətinə sürüklənməkdədir. Mustafa Kamal Atatürkün qurduğu modern, sivil və dünyəvi dövləti faktiki olaraq teokratik bir rejimə çevirənlər, aqressiv və radikal dindar kütlələri cəmiyyətin sahibinə çevirənlər ilk növbədə öz xalqına və dövlətinə qarşı ən böyük xəyanəti etdiklərini gec-tez anlayacaqlar.
Bu gün Azərbaycanda rəsmi Bakının daxili təhlükəsizlik qaydalarını hədəf alıb dövlət çevrilişinə, xaos və iğtişaşa çağıranlar, əslində elə Türkiyənin özündə konstitusiya çevrilişi edənlərin eynisidir. Konstitusiyaya görə dünyəvi dövlət olan Türkiyəni sürətlə mollalaşdıran, “Allahu Əkbər” qışqıraraq qlobal kafe və restoran şəbəkələrinə basqın edən, sivil mədəniyyət və incəsənət sərgilərini dağıdan bu kütlə cəmiyyəti tarımar edir. Xalqı təriqətlərə, məzhəblərə bölən və “bizdən olmayan hər kəs düşməndir” təfəkkürünü yayan bu radikalizm, daxildə qorxulu dərəcədə qütbləşmiş bir cəmiyyət yaradıb. Və bu qütbləşməni yaradanlar tarix qarşısında mütləq cavab verəcəklər.
Biz Türkiyəni nə qədər çox sevsək də, bu ağrılı gedişatı ürək ağrısı ilə izləsək də, dərk edirik: bu yol qardaş türk xalqının seçimidir. Azərbaycan xalqı və dövləti olaraq biz heç bir ölkənin daxili işinə, idarəçilik metoduna və ya insanların yaşam tərzinə müdaxilə etmirik və etmərik.
Amma hər kəs bir şeyi yaxşı bilməlidir: Biz heç vaxt imkan vermərik ki, Türkiyəni uçuruma aparan bu cəhalət dalğası Azərbaycan üçün bir inkişaf modeli kimi sıransın! Bizim ölkəmizdə cəhalətin hökm sürdüyü, insanların azadlıqlarının boğulduğu bir molla rejiminin qurulmasına, bizi də özləri ilə birlikdə orta əsrlərin qaranlığına dartıb aparmaq istəyənlərə bu torpaqlarda yer yoxdur.
Azərbaycan Prezidenti İlham Əliyevin qətiyyətlə bəyan etdiyi kimi: Hər kəs öz işi ilə məşğul olsun, heç kəs bizim həyat tərzimizə qarışmasın və hər kəs özünə gün ağlasın.
Biz öz dünyəvi, hüquqi və sivil dövlətimizi göz bəbəyimiz kimi qoruyacağıq. Qardaş Türkiyə isə daxilindəki bu idarəolunmaz cəhalət alovunu söndürməzsə, təəssüf ki, doğrudan da böyük bir tarixi faciəyə addım-addım yaxınlaşır. (Qafqazinfo)