Braziliyanın Belém şəhərində BMT-nin İqlim Dəyişikliyi üzrə 30-cu Tərəflər Konfransı — COP30 çərçivəsində “Prokurorluq orqanlarının iqlim idarəçiliyində rolu” mövzusunda plenar iclas keçiriləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti həmin tədbirdə iştirak məqsədilə Braziliyaya səfər edib.
Baş prokuror plenar iclasda çıxış edəcək, iqlim idarəçiliyində hüquq-mühafizə orqanlarının rolu və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi mövzusunda fikirlərini bölüşəcək.
Xatırladaq ki, Bakı şəhərində keçirilmiş COP29 çərçivəsində ilk dəfə Azərbaycanın Baş Prokurorluğunun təşəbbüsü ilə Azərbaycan Baş Prokurorluğu, BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (BMTNCİ) tərəfindən və Birləşmiş Ərəb Əmirliklərinin Daxili İşlər Nazirliyinin həmsədrliyi ilə Mavi zonada “İqlim dəyişikliyi ilə mübarizədə hüquq-mühafizə orqanlarının səfərbər olunması” adlı yüksək səviyyəli sessiya təşkil olunmuşdu.
COP30 çərçivəsində keçirilən hazırkı sessiya, Bakıda keçirilmiş həmin tədbirin məntiqi davamı xarakteri daşıyır.