“Real Madrid” La Liqanın prezidenti və RFEF-in vitse-prezidenti Xavyer Tebasın tutduğu vəzifələrdən dərhal istefa verməsini tələb edib. Klubun bəyanatına görə, bu tələbin səbəbi Tebasın “Real Madrid”in telekanalının fəaliyyətini nasist Almaniyasının təbliğat naziri Yozef Göbbelsin üsulları ilə müqayisə etməsidir.
Tebas daha əvvəl X hesabında yazıb ki, telekanalın tətbiq etdiyi üsullar Göbbelsin təbliğat mexanizmlərini xatırladır: sistemli təkrar, düşmən obrazının yaradılması və faktların müəyyən narrativə tabe edilməsi. O, müqayisənin ideologiyaya və “Real Madrid” azarkeşlərinə deyil, məhz təbliğat üsullarına aid olduğunu vurğulayıb.
“Real Madrid” bəyanatında bildirib ki, İspaniya futbolunda yüksək vəzifə tutan şəxsin klubu nüfuzdan salmaq üçün nasist təbliğatına istinad etməsi “qətiyyən yolverilməzdir”. Klub əlavə edib ki, ideologiya ilə bağlı dəqiqləşdirmə bu ifadələrin təhqiramiz və institusional vəzifəyə uyğun olmayan mahiyyətini dəyişmir.
Madrid təmsilçisi Tebasın bu açıqlamalarını klub, prezidenti və klub mediasına qarşı təkrarlanan hücumların növbəti nümunəsi adlandırıb. “Real Madrid” həmçinin bu bəyanatların Negreira işi ilə bağlı klubun və telekanalın qanuni addımlarını mübahisələndirmək üçün istifadə edildiyini bildirib.
Klub İspaniya futbolunda hakimlik sisteminin, eləcə də federativ idarəetmə, nəzarət və intizam strukturlarının hərtərəfli islahatına çağırıb. Bəyanatda Tebasın davranışının neytrallıq və qərəzsizlik prinsipləri ilə uzlaşmadığı qeyd olunub.