İspaniyanın "Barselona" klubunun vingeri Rafinya Diasın gələcəyi ilə bağlı yayılan şayiələrə aydınlıq gətirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, son günlər futbolçunun Səudiyyə Ərəbistanı çempionatında çıxış edən klubların maraq dairəsində olması və yay transfer pəncərəsində komandanı tərk edə biləcəyi barədə iddialar səsləndirilir.
"Barselona" rəhbərliyi 29 yaşlı braziliyalı oyunçunun gələcəyi ilə bağlı tamamilə rahatdır. Futbolçunun özü komandadan ayrılmaq istədiyini bildirməyib və klub rəhbərliyi hələ də onun potensialına güvənir.
Baş məşqçi Hans-Diter Flikin hücum xəttində əsas fiqurlardan biri kimi gördüyü Rafinya ilə bağlı mövqe birmənalıdır: oyunçu komandanın planlarına daxildir.
Kataloniya təmsilçisi Rafinyanı satmaq niyyətində olmasa da, istisnalar mümkündür.
Mənbəyə görə, klub yalnız "astronomik" hesab ediləcək bir təklif gələcəyi təqdirdə transferi nəzərdən keçirə bilər.
Qeyd edək ki, "Barselona" ilə müqaviləsi 2028-ci ilin ortalarına qədər qüvvədə olan futbolçunun "Transfermarkt" portalındakı bazar dəyəri hazırda 70 milyon avro olaraq qiymətləndirilir.