2025-ci ildə Azərbaycanda dövlət büdcəsinin gəlirləri 8 ay proqnozdan çox, 4 ay isə proqnozdan az icra edilib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Hesablama Palatasının "2025-ci il dövlət büdcəsinin icrası" haqqında qanun layihəsinə verdiyi Rəydə bildirilir.
Sənədə əsasən, proqnozla müqayisədə ən yüksək icra səviyyəsi 116,5 % olmaqla dekabrda qeydə alınıb. Bu, İqtisadiyyat Nazirliyinin xətti ilə daxilolmaların, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların və sair gəlirlərin, müvafiq olaraq, təxminən 11,9 % (112 milyon manat), 34,3 % (22,3 milyon manat) və 3 dəfə (397,2 milyon manat) artıq icrası hesabına olub. Qeyd olunan ayda sair gəlirlərin yüksək icrası dividendlərlə əlaqəli olub.
Proqnozla müqayisədə ən aşağı icra səviyyəsi isə 92,8 % olmaqla noyabr ayında qeydə alınıb. Bu, qeyd olunan ayda İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların və sair gəlirlərin, müvafiq olaraq, 0,6 % (6,1 milyon manat), 5,4 % (28,4 milyon manat), 22,5 % (16,1 milyon manat), və 80,2 % (161,8 milyon manat) az icrası hesabına olub. Sair gəlirlər üzrə aşağı icra əsasən dividendlərlə bağlı olub.
Ötən il dövlət büdcəsinin xərcləri isə 4 ay proqnozdan çox, 8 ay isə proqnozdan az icra olunub. Proqnozla müqayisədə ən yüksək icra səviyyəsi 114,6% olmaqla dekabrda qeydə alınıb. Məlumatların təhlili dekabr ayında proqnozdan artıq icra edilmiş vəsaitin əsasən qeyri yaşayış binalarının əsaslı təmiri və əsaslı vəsait qoyuluşu (investisiya) xərcləri ilə əlaqədar olduğunu göstərib.
Proqnozla müqayisədə ən aşağı icra səviyyəsi isə 68,5 % təşkil etməklə sentyabrda qeydə alınıb. Aparılan təhlillər aşağı icranın əsasən ehtiyat fondlar və əsaslı vəsait qoyuluşu (investisiya) ilə bağlı xərclərlə əlaqəli olduğunu deməyə imkan verib. Ümumilikdə isə xərclər proqnozla müqayisədə ilin I yarısında 0,2 milyard manat, II yarısında isə 2,6 milyard manat aşağı icra edilib.
Əvvəlki illərdə olduğu kimi, vəsaitin əhəmiyyətli hissəsi (7 milyard 189,9 milyon manat) dekabrda xərc edilmişdir ki, bu da 2025-ci ildə icra olunmuş cəmi dövlət büdcəsi xərclərinin 18,6 %-nə bərabərdir (2024-cü ildə 17,7 %). Təhlillər dekabr ayı üzrə icra məbləğinin digər aylar üzrə orta aylıq icra məbləğindən (2 milyard 855,9 milyon manat) 2,5 dəfə (4 milyard 334 milyon manat) çox olduğunu göstərib.