Bu çağırış böhrandan sonra təkcə şəhərləri deyil, həm də həyatları, icmaları və ümidləri necə yenidən qurmaqla bağlıdır. Azərbaycan üçün bu tamamilə şəxsi bir məsələdir. Təxminən 30 il ərzində məcburi köçkünlər bir gün öz evlərinə və icmalarına qayıtmaq ümidi ilə yaşayıblar. Azad edilmiş ərazilərdəki bütöv şəhərlər, kəndlər dağıdılıb. Bəzi rayonlarda dağıntıların miqyası o qədər böyük idi ki, arxada xarabalığa çevrilmiş şəhər mənzərələri və çökmüş mənzil sistemləri qalıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində keçirilən “Böhrandan sonra mənzil bərpa və yenidənqurma işlərinin mərkəzindədir” mövzusunda tədbirdə deyib.
O bildirib ki, lakin yenidənqurma yalnız kərpic və betondan ibarət deyil. Bərpa o zaman başlayır ki, insanlar öz doğma yurdunda gələcəyi yenidən təsəvvür edə bilirlər. Bu, "aidolma hissi" adlanır.
Bu gün Azərbaycan regionda ən böyük yenidənqurma və qayıdış proqramlarından birini həyata keçirir. Bərpa və yenidənqurma işlərinə böyük maliyyə vəsaitləri ayrılıb. Mənim təmsil etdiyim Ağdam, Füzuli və Xocavənd rayonlarında şəhər və kəndləri davamlılıq, inklüzivlik və dayanıqlılıq kimi uzunmüddətli baxışa əsaslanaraq tam təməldən yenidən qururuq.