Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda “Sabah”la qarşılaşan “Barselona”nın oyunda çətinlik çəkdiyini deyib.
Abbasov bildirib ki, Bakı klubu turnirdə ilk dəfə iştirak etməsinə baxmayaraq, güclü rəqiblərə qarşı inamlı mübarizə aparır. Onun sözlərinə görə, “Sabah” “Barselona” ilə matçın ilk dəqiqələrində və birinci hissədə rəqibə imkan verməyib, iki real qol epizodu yaradıb. Həmin hücumlar qolla nəticələnsəydi, görüşün gedişi dəyişə bilərdi.
Baş məşqçi “Mançester Yunayted”lə səfər oyununda da “Sabah”ın qol imkanları qazandığını, lakin onlardan yararlana bilmədiyini xatırladıb. Abbasov qeyd edib ki, “Barselona” təcrübəsi və futbolçularının fərdi keyfiyyətləri sayəsində üstünlük qazanıb. O, ilk qolda ciddi təhlükənin olmadığını, qapıçının qaytardığı topun rəqibdə qaldığını bildirib.
Abbasov “Sabah”ın 9-10 il ərzində qurulan işin bəhrəsini gördüyünü və Çempionlar Liqasında təcrübə topladığını vurğulayıb. Onun fikrincə, klubun yolu Azərbaycanın digər komandaları üçün nümunə ola bilər, turnirdə qazanılan hər xal isə bonusdur.
Millinin baş məşqçisi stadiondakı futbol ab-havasını və oyunun təşkilini də yüksək qiymətləndirib. O, yaxın ölkələrdən azarkeşlərin Bakıya gəldiyini söyləyib.
Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşma “Barselona”nın 4:1 hesablı qələbəsi ilə başa çatıb. “Sabah” növbəti oyununu dekabrın 8-də İspaniyada “Vilyarreal”a qarşı keçirəcək.