İspaniyanın “La Vanguardia”, ARA və “Mundo Deportivo” nəşrlərinin müxbirləri Çempionlar Liqasının liqa mərhələsində “Sabah”ın “Barselona”ya 1:4 hesabı ilə məğlub olduğu qarşılaşma barədə reportajlar hazırlayıblar. Yazılarda Bakı Olimpiya Stadionunun atmosferi, azarkeşlərin davranışı və Azərbaycan klubunun heyəti də işıqlandırılıb.
“La Vanguardia”nın müxbiri Anais Marti Errero stadionda təhlükəsizliyə təxminən 400 hərbçinin cəlb olunduğunu müşahidə etdiyini yazıb. Onun diqqətini Entoni Qordonun topa hər toxunuşunda fitə basılması çəkib. Errero bunu futbolçunun fevralda “Nyukasl”ın heyətində “Qarabağ”a qarşı dörd qol vurması ilə əlaqələndirib. Jurnalist müxtəlif dillərdə elanları, musiqiləri və “Sabah”ın beynəlmiləl heyətini də qeyd edib: start heyətində 10 ölkənin təmsilçisi olub, Valdas Dambrauskasın sərəncamında isə 18 millətdən futbolçu var.
İlk hissədə müqavimət
ARA-nın müxbiri Toni Padilya soyuq və küləkli havaya, stadionun böyüklüyünə və azarkeşlərin “Barselona” futbolçularını canlı görmək istəyinə diqqət çəkib. O, “Sabah”ın matçın əvvəlində üç real qol imkanı yaratdığını yazıb. Padilyanın fikrincə, kataloniyalıların top itkiləri meydan sahiblərinə təhlükəli əks-hücumlar qurmağa imkan verib və tribunada sensasiya ümidi yaradıb.
“Mundo Deportivo”dan Xoan Poki Du Keyros və Kristian Nvaçukvunun hücumlarını, Xəyal Əliyevin tirə dəyən zərbəsini xüsusi vurğulayıb. Errero da 30-cu dəqiqədə komandalar arasında tam bərabərlik olduğu təəssüratının yarandığını qeyd edib. Müxbirlərin ümumi qənaətinə görə, “Sabah” ilk hissədə rəqabət aparsa da, fürsətlərindən yararlana bilməyib; ikinci hissədə isə “Barselona”nın fərdi ustalığı həlledici olub.