“Barselona”nın Bakıya səfəri İspaniya mətbuatının diqqətini çəkib. “Mundo Deportivo”nun klub nümayəndə heyəti ilə birlikdə paytaxta gələn xüsusi müxbiri Xoan Poki səfərlə bağlı ilk təəssüratlarını bölüşüb.
Pokinin sözlərinə görə, komanda Bakıda böyük ehtiramla qarşılanıb. Təyyarə 4 saat 20 dəqiqəlik uçuşdan sonra enib, futbolçuları qarşılamaq üçün şəxsi reyslər terminalında təxminən 400 azarkeş toplaşıb. Sağ topuğundakı yüngül narahatlığa görə Barselonada qalan Lamin Yamalın yoxluğunda azarkeşlərin diqqəti Rafinya, Pedri, Frenki de Yonq və baş məşqçi Hans-Diter Flikə yönəlib.
Azarkeşlərin marağı
Azarkeşlər komandanın qaldığı “Ritz-Carlton” hotelinin qarşısında da toplaşıblar. Onların arasında “Barselona”nın Bakı fan-klubunun üzvləri olub. Pokinin müşahidəsinə görə, futbolçularla yanaşı, klub prezidenti Joan Laporta ilə şəkil çəkdirmək istəyənlər də çox olub.
“Mundo Deportivo”nun məlumatına görə, 2017-ci ildə rəsmi status alan Azərbaycan “Barselona” azarkeşləri klubunun 400-dən çox qeydiyyatdan keçmiş üzvü var. Bakı Olimpiya Stadionunda isə müxtəlif ölkələrdən 41 fan-klubun 474 rəsmi üzvü Flikin komandasını dəstəkləyəcək.
“Barselona” 3 970 kilometr məsafə qət etməklə Çempionlar Liqasında indiyədək ən uzaq səfərini edib. Bununla komanda 2009 və 2010-cu illərdə “Rubin”lə oyunlar üçün Kazana səfərlərdəki əvvəlki göstəricisini geridə qoyub.
“La Vanguardia”nın xüsusi müxbiri Anais Marti Errero isə bildirib ki, “Barselona” rəhbərliyi Azərbaycana uçuş zamanı İspaniya çempionatının son turunda “Vilyarreal”a 3:2 hesabı ilə qalib gəldikləri oyunda Fermin Lopesin qırmızı vərəqə almasına etiraz etmək qərarına gəlib.
“Sabah” – “Barselona” oyunu noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 21:45-də başlayacaq. Dörd turdan sonra doqquz xalı olan “Barselona” turnir cədvəlinin beşinci, üç xallı “Sabah” isə 31-ci pilləsindədir.