Belaruslu tennisçi Aryna Sabalenko WTA-nın Yekun turnirində ukraynalı Elina Svitolina ilə qarşılaşma zamanı işlətdiyi nalayiq ifadələrə görə üzr istəyib.
Üçüncü setdəki oyun epizodlarından birindən sonra söyüş söyən Sabalenko sosial şəbəkədə açıqlama verərək şərhinin Svitolinaya ünvanlanmadığını bildirib. Onun sözlərinə görə, azsaylı tamaşaçı qrupu səhvlərinə aqressiv şəkildə sevinib və o, həmin an emosiyalarına hakim ola bilməyib.
“Bir məqamı aydınlaşdırmaq istəyirəm: son matçımla bağlı sosial şəbəkələrdə geniş müzakirə olunan şərhim Elinaya yönəlməmişdi. Səhvlərimə aqressiv şəkildə sevinən azsaylı tamaşaçı qrupu məni məyus etdi və həmin anda emosiyalarıma uyğun reaksiya verdim.
“Bununla belə, qıcıqlanmamı başqa cür idarə etməli idim. İncitdiyim hər kəsdən üzr istəyirəm. Elina əla oyun keçirdi və turnirin qalan hissəsində ona uğurlar arzulayıram”, – deyə Sabalenko yazıb.
Sabalenko Svitolinaya üç setdə uduzub. O, qrupda üçüncü yeri tutaraq pley-offa vəsiqə qazana bilməyib.