Avropa İttifaqı və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Əfqanıstanda fermerlərə bazarlara çıxmaqda, aqrobiznesləri gücləndirməkdə və iqlimlə iqtisadi sarsıntılara tab gətirməkdə kömək edəcək 5,7 milyon dollarlıq təşəbbüsə start verib.
Proqram ərzaq və qida təhlükəsizliyi problemi, iqlim riskləri və məhdud iqtisadi imkanlarla üzləşən rayonlarda həssas ailələri əhatə edəcək. Bu qrupa ölkəyə qayıdan şəxslər, məcburi köçkünlər və onları qəbul edən icmalar daxildir. FAO-nun məlumatına görə, qadınlar və gənclər layihənin əsas hədəf qrupları arasında olacaq.
Fermerlərin bazarlara çıxışı genişləndiriləcək
Fermerləri və kənd yerlərində fəaliyyət göstərən sahibkarları kənd təsərrüfatı məsləhətləri, ixtisaslaşmış xidmətlər, aqrobizneslər və bazarlarla əlaqələndirmək üçün dörd vahid xidmət mərkəzi yaradılacaq.
Mərkəzlər fermerlərə istehsal və marketinq qərarları vermək üçün FAO-nun iqlim təhlillərindən və erkən xəbərdarlıq məlumatlarından istifadə imkanı da təqdim edəcək.
Avropa İttifaqının Əfqanıstandakı yeni müvəqqəti işlər vəkili Nikola Bellomo bildirib ki, maliyyələşdirmə qurumun Əfqanıstan xalqına davamlı dəstəyini göstərir.
“Avropa İttifaqının FAO-ya töhfəsi ərzaq təhlükəsizliyinə və Əfqanıstan xalqının iqtisadi imkanlarının genişləndirilməsinə davamlı sadiqliyimizi nümayiş etdirir”, – Bellomo deyib.
Onun sözlərinə görə, Əfqanıstanın kənd təsərrüfatı sektoru iqlimlə bağlı çətinliklərlə üzləşməkdə davam edir və ölkənin kənd təsərrüfatı potensialı ekstremal iqlim həssaslığı səbəbindən lazımi səviyyədə qiymətləndirilmir və məhdudlaşdırılır.
Kənd yerlərində iş yerləri yaradılacaq
FAO-nun məlumatına görə, təşəbbüs çərçivəsində deqradasiyaya uğramış meşələrin və otlaqların 2 min hektarı, yəni 20 kvadrat kilometr ərazi bərpa ediləcək. Bundan başqa, qadınlar və icmalar tərəfindən idarə olunan 250 tinglik təsərrüfatına dəstək göstəriləcək.
BMT təşkilatı seçilmiş aqroərzaq və ekoloji cəhətdən dayanıqlı müəssisələrə uyğun maliyyələşdirmə qrantları, eləcə də texniki və biznes məsləhətləri təqdim edəcək. Müəssisələr layihə maliyyəsi ilə yanaşı, öz resurslarını da yatıracaqlar.
FAO-nun Əfqanıstandakı nümayəndəsi Riçard Trençard bildirib ki, çətin şəraitə baxmayaraq, aqroərzaq müəssisələri genişlənmək potensialı nümayiş etdirib.
“Əsasən humanitar proqramlardan daha dayanıqlı yanaşmalara keçdiyimiz bir vaxtda Əfqanıstanın aqroərzaq müəssisələri hətta son dərəcə çətin mühitdə belə böyümək, iş yerləri yaratmaq və fermerləri bazarlara bağlamaq üçün real potensial nümayiş etdirib”, – Trençard qeyd edib.