AFFA Misli Premyer Liqasının oyunlarında hakim səhvlərinin aradan qaldırılması üçün tədbirlər görür.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu milli assosiasiyanın prezidenti Rövşən Nəcəf mətbuat konfransında deyib.
"Hakim səhvlərinin aradan qaldırılması ilə bağlı tədbirlər görürük. Onların azaldılması istiqamətində işlər gedir. Xətasız oyun olmur. İslahatların əsas məqsədi qərarların maksimum düzgün olmasıdır", - R.Nəcəf söyləyib.
O, milli komandanın perspektivləri barədə fikirlərini bölüşüb:
"Ümid edirəm ki, millimiz də böyük çempionatların final mərhələsində iştirak edəcək. Komandaların əzmkarlıq göstərdiyini görmək çox sevindiricidir. İnkişaf gedir. Bu, azarkeşlər üçün də müsbət məqamdır".
R.Nəcəfin sözlərinə görə, hər bir klub ayrılan vəsaitin xərclənməsi barədə mütəmadi hesabat təqdim edir:
"AFFA bu vəsaitlərin təyinatı üzrə xərclənməsinə nəzarət edir. Hesabatımızda da qeyd etdiyimiz kimi, uşaq futbolunun inkişafı və akademiyaların səmərəli fəaliyyəti bizim üçün prioritetdir. Bu istiqamətdə klublarla daimi dialoqdayıq. Əgər vəsaitlərin düzgün xərclənməməsi ilə bağlı hər hansı məlumatınız varsa, bizə bildirin, minnətdar olarıq. Əsas məqsədimiz şəffaflığı təmin etməkdir".
Prezident inkişaf strategiyasında nəzərdə tutulan əsas məqamlara da toxunub:
"Ölkə çempionatının yüksək səviyyədə keçirilməsi, "Qarabağ"ın və digər klublarımızın Avropa kuboklarında uğur qazanması, futbolçularımızın xarici liqalara transferi, eləcə də qadın və məktəbli futbolunun inkişafı strategiyamızın əsas tərkib hissələridir".
İnfrastrukturla bağlı vəziyyətin ən çətin məsələ olduğunu vurğulayan AFFA rəhbəri bu sahəyə böyük investisiyaların tələb edildiyini qeyd edib:
"İnfrastruktur hazırda ən yaralı yerlərimizdən biridir. Onun tam yenilənməsi üçün böyük vəsait tələb olunur. Hazırda sponsorların cəlb edilməsi, klubların öz gəlirlərini artırması və beynəlxalq qurumlardan gələn vəsaitlərin düzgün idarə olunması üzərində işləyirik. Strategiyamızda klubların əlavə vəsait qazanması və infrastrukturun təkmilləşdirilməsi xüsusi yer tutur. Mövcud vəsaitlərdən maksimum səmərəli istifadə edərək bu problemləri həll etməyə çalışırıq".
Qeyd edək ki, bu gün AFFA-nın hesabat konfransı keçirilib.