AnewZ-nin məlumatına görə, ABŞ ilə İran arasında gərginlik davam etdiyi, gəmiçilik marşrutları hücumlara məruz qaldığı və diplomatik səylər nəticə vermədiyi üçün Körfəzdə təhlükəsizlik böhranı dərinləşir. ABŞ-ın bölgədə hərbi mövcudluğunu artırması vəziyyətin daha da gərginləşəcəyi ilə bağlı narahatlıqları gücləndirir.
ABŞ və İsrailin fevralın 28-də İrana zərbələr endirməsindən təxminən doqquz ay sonra bölgə hərbi qarşıdurma, həyati əhəmiyyətli gəmiçilik yollarına təhdidlər və gələcək təhlükəsizliklə bağlı fikir ayrılıqları arasında qalıb.
Bazar günü Bəhreyn hava hücumundan müdafiə sistemlərinin İranın bir neçə hava hücumunu dəf etdiyini açıqlayıb. Bu, sentyabrdan bəri ölkənin qeydə aldığı ilk belə hücum olub. İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Əl-Rifaa helikopter bazasındakı ABŞ hava hücumundan müdafiə radarını hədəf alan altı dron buraxdığını iddia edib. Vaşinqton və Manama hədəfin vurulub-vurulmadığını dərhal təsdiqləməyib.
İki gün əvvəl ABŞ hərbçiləri Bəhreyndəki erkən xəbərdarlıq radar qurğusunu hədəf alan İranın iki dronunu ələ keçirdiklərini və zərər qeydə alınmadığını bildirmişdi.
Kommersiya gəmiçiliyi də yenidən təhlükə altındadır. Bazar ertəsi Böyük Britaniyanın Dəniz Ticarət Əməliyyatları Mərkəzi Hörmüz boğazında tankerlərlə bağlı iki insident qeydə alındığını bildirib. Gəmilərdən biri naməlum mərmi ilə vurulub və maşın şöbəsində yanğın baş verib. Digər tanker isə Oman sahillərində, Xasab yaxınlığında hücuma məruz qalıb və orada da yanğın olub. Ölən və yaralananlar barədə məlumat verilməyib.
Bu hadisələr genişmiqyaslı hərbi əməliyyatlar azalsa da, münaqişənin gəmiçiliyə və hərbi infrastruktura hücumlar istiqamətində dəyişdiyini göstərir.
Diplomatik səylər nəticə vermir
Oman və Qətər Vaşinqtonla Tehran arasında diplomatik kanalları saxlayan azsaylı regional ölkələr sırasındadır. Bununla belə, tərəflər arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq cəhdləri ciddi irəliləyişə gətirməyib.
Çərşənbə axşamı İranın xarici işlər naziri Abbas Əraqçi Omanlı həmkarı Bədr Əl-Busaidi ilə danışıqlar aparmaq üçün Məsqətə səfər edib.
Oman Xarici İşlər Nazirliyinin məlumatına əsasən, müzakirələrdə gərginliyin azaldılması, danışıqların bərpası və dəniz ticarətinin təhlükəsizliyinin təmin olunması məsələləri diqqət mərkəzində olub. Tərəflər beynəlxalq gəmiçiliyin qorunmasının vacibliyini vurğulayıblar.
Omanın uzun müddətdir vasitəçilik etməsinə baxmayaraq, görüşdə hər hansı irəliləyiş və ya gəmiçiliyin maneəsiz bərpası ilə bağlı razılaşma elan edilməyib.
Tehran Hörmüz boğazından normal keçidin bərpasına razılıq verməzdən əvvəl Vaşinqtonun dəniz blokadasına son qoyulmasını, gələcək hücumlara qarşı təminat verilməsini və İranın regional təhlükəsizlikdəki rolunun daha geniş tanınmasını tələb edir.
Vaşinqton isə hərtərəfli razılaşmanın İranın nüvə proqramını əhatə etməli olduğunu bildirir və iqtisadi təzyiq göstərmək üçün blokadanı davam etdirir.
Prezident Donald Tramp ABŞ qüvvələrinin əlavə əməliyyatlara hazır olduğunu xəbərdar edib, eyni zamanda daha bir genişmiqyaslı hərbi kampaniyanın zəruri olmaya biləcəyini deyib.
Körfəz ölkələri yalnız Vaşinqtonla Tehran arasında aparılan danışıqların onların təhlükəsizlik maraqlarını kənarda qoya biləcəyindən narahatdır.
Körfəz ölkələri təhlükəsizlik danışıqlarında iştirak istəyir
Bu narahatlıq ötən cümə günü BMT Təhlükəsizlik Şurasında səsləndirilib. Körfəz Əməkdaşlıq Şurasının (KƏŞ) baş katibi Jasem Mohamed Albudaiwi İrandan Körfəz ölkələrinə hücumlara görə məsuliyyət daşımasını tələb edib.
Onun sözlərinə görə, fevralın 28-dən bəri KƏŞ ölkələri İranın 7 000-dən çox raket və dronunun hədəfi olub. Hücumlar hava limanlarına, limanlara, enerji obyektlərinə, duzsuzlaşdırma qurğularına və yaşayış məntəqələrinə təsir göstərib.
Albudaiwi dəymiş ziyana görə kompensasiya ödənilməsini və dənizdə münaqişədən əvvəlki şəraitə qayıdılmasını tələb edib, qanunsuz tranzit rüsumlarının tətbiqi cəhdlərini rədd edib.
Körfəz hökumətləri gələcək təhlükəsizlik razılaşmalarında birbaşa iştirak, yeni hücumlardan qorunmaq üçün təminatlar və kommersiya gəmiçiliyinin müdafiəsini istəyir.
Müharibə onların uzun müddətdir ABŞ-ın hərbi müdafiəsinə arxalanmasının zəif tərəflərini də üzə çıxarıb. ABŞ bazaları, dəniz qüvvələri və hava hücumundan müdafiə sistemləri regional təhlükəsizliyin əsas elementləri olaraq qalır, lakin Vaşinqtonla Tehran arasındakı qarşıdurmalarda Körfəz ərazisini hədəfə çevirə bilər.
İran KƏŞ-in kompensasiya tələblərini rədd edərək ABŞ və İsrailin hərbi əməliyyatlarını dəstəkləyən ölkələrin təzminat gözləməməli olduğunu bildirib. Tehran bunun əvəzinə xarici hərbi mövcudluğun azaldıldığı regional təhlükəsizlik çərçivəsini təklif edir.
Oman daha əvvəl regional dialoq və hücum etməmək barədə razılaşmalar təklif edib, lakin digər Körfəz paytaxtları ABŞ-la müdafiə tərəfdaşlığından imtina etməyə az həvəs göstərib.
Qarşıda duran məsələ Körfəz ölkələrinin ABŞ müdafiəsini saxlayaraq İranla yeni təhlükəsizlik münasibətləri qurub-qura bilməyəcəyidir. Digər variant getdikcə daha həssas hala gələn hərbi struktura güvənməyi davam etdirməkdir.
ABŞ-ın üç təyyarədaşıyan gəmisi gərginliyi artırır
Vaşinqton bölgədə hərbi mövcudluğunu gücləndirib. “USS Theodore Roosevelt” təyyarədaşıyan gəmisi bazar ertəsi ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasına çatıb.
Gəmi “USS George H.W. Bush” və “USS George Washington”a qoşulub. Bununla bölgədəki ABŞ təyyarədaşıyan gəmilərinin sayı üçə çatıb.
Yerləşdirməyə Ərəbistan dənizində 13 esmines, iki kreyser və sahilyanı döyüş gəmisi, eləcə də Qırmızı dənizdə əlavə iki esmines daxildir.
Dəniz qüvvələrinin bu cür cəmləşdirilməsi qeyri-adidir, baxmayaraq ki, münaqişənin qızğın dövründə, apreldə də buna bənzər yerləşdirmə olmuşdu.
Əlavə qüvvələr Vaşinqtona hava əməliyyatları, dəniz təhlükəsizliyi və gərginliyin daha da artmasına cavab vermək üçün daha geniş imkanlar yaradır.
Lakin İranın təhdid və hücumlarında ABŞ-ın hərbi obyektləri dəfələrlə hədəf göstərildiyindən bu qüvvələr Körfəz ölkələri üçün riskləri artırır.
Vaşinqton yeni genişmiqyaslı kampaniyaya başlamadan Tehrana təzyiqi saxlamağa çalışır. Hücumlar davam etdikcə və diplomatiya dalana dirəndikcə bu tarazlığı qorumaq çətinləşir.
Husilərin irəliləyişi Səudiyyə Ərəbistanına təzyiq yaradır
Yəməndə husilərin irəliləməsi daha bir mühüm gəmiçilik marşrutunu təhdid etdiyindən Səudiyyə Ərəbistanı ayrıca geriləmə ilə üzləşib.
Riyad bazar ertəsi Səudiyyə Ərəbistanının dəstəklədiyi Yəmən hökumət qüvvələrinin Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdən geri çəkilməsindən sonra birgə qüvvələrə rəhbərlik edən komandanı dəyişib.
“Reuters”in məlumatına görə, Yəmən hərbi mənbələri husilərin Ədənin təxminən 100 kilometr qərbində yerləşən Xor Omairaya çatdığını, bununla da Qavah yaxınlığındakı hökumət mövqelərindən təxminən 25 kilometr aralıda olduqlarını deyib.
Geri çəkilmə Səudiyyə qüvvələrinin dəstəklədiyi oktyabr əks-hücumunda əldə olunan bəzi uğurları geri çevirir. Hökumət qüvvələri diqqətlərini beynəlxalq səviyyədə tanınan Yəmən hakimiyyətinin əsas dayağı olan Ədənin müdafiəsinə yönəldib.
Bu hadisələr Səudiyyə Ərəbistanının təhlükəsizlik narahatlıqlarını artırır. Husilər krallığa, o cümlədən Ər-Riyada və enerji infrastrukturuna raket və dronlarla hücum ediblər.
Bazar günü Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya paytaxta doğru hərəkət edən iki ballistik raketin və Şərq əyaləti üzərində üç dronun ələ keçirildiyini bildirib.
Husilərin Bab əl-Məndəb boğazından keçən gəmiçiliyə yönələn təhdidləri beynəlxalq ticarəti daha da poza, Hörmüz boğazında yaranmış problemləri ağırlaşdıra bilər.
Gəmiçilik təhdidlərinə baxmayaraq neft ucuzlaşır
Hərbi gərginlik davam etsə də, neft bazarlarında bərpa ümidləri görünür.
Çərşənbə axşamı “Brent” markalı neftin bir bareli təxminən 92,61 dollar, ABŞ-ın “West Texas Intermediate” markası isə təxminən 85,73 dollar olub.
Qlobal təklifin yaxşılaşacağı və Yaxın Şərqdən ixracın bərpa olunacağı gözləntiləri fonunda “Brent” bu ay təxminən 22 faiz ucuzlaşıb.
Beynəlxalq Enerji Agentliyi noyabr hesabatında 2026-cı ilin dördüncü rübündə qlobal neft artıqlığının yenidən yaranacağını proqnozlaşdırıb. Agentliyin gözləntisinə görə, təklif tələbdən daha sürətlə bərpa olunacaq, hasilat isə 2027-ci ildə xeyli artacaq.
Bu arada, ABŞ Energetika Nazirliyinin məlumatlarını “Reuters”ə istinadən yayılan xəbərə görə, ABŞ-ın Strateji Neft Ehtiyatındakı neft həcmi ötən həftə 276,4 milyon barelə düşüb. Bu, 1982-ci ilin avqustundan bəri ən aşağı göstəricidir.
İndi diqqət noyabrın 29-da keçiriləcək OPEC+ iclasına yönəlib. İstehsalçıların toplantıda 2027-ci il üçün hasilat siyasətini müzakirə edəcəyi gözlənilir.
Neft bazarının iştirakçıları təklifin bərpasını getdikcə daha çox gözləsələr də, gəmiçilik şirkətləri hücumların davam etməsi, marşrutların pozulması və təhlükəsizlik risklərinin artması ilə üzləşir.