ABŞ və İran arasında imzalanan qarşılıqlı anlaşma memorandumu iki ölkə arasındakı münasibətlərdə yeni bir səhifə açır.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, prosesin texniki təfərrüatları və diplomatik təqvim artıq dəqiqləşməyə başlayıb.
"Ağ Ev"dən verilən açıqlamaya görə, İranla aparılacaq texniki danışıqlar üçün hazırlıqlar davam edir. Bununla belə, ABŞ vitse-prezidenti JD Vensin İsveçrəyə nəzərdə tutulan səfəri logistik səbəblərdən müvəqqəti olaraq təxirə salınıb.
Rəsmi dairələr Amerika nümayəndə heyətinin ilk fürsətdə yola düşməyə hazır olduğunu və danışıqların mümkün qədər tez başlaması üçün ciddi iş aparıldığını vurğulayırlar.
Razılaşmanın iqtisadi tərəfləri ilə bağlı Vaşinqtondan daxil olan məlumatlara əsasən, İrana ilkin mərhələdə geniş iqtisadi imkanların yaradılması gözlənilir.
Xüsusilə, ABŞ Xəzinədarlıq Departamentinin qlobal iqtisadiyyatı canlandırmaq məqsədilə İranın xam neft ixracı və dəniz bankçılığı sahəsindəki sanksiyalara güzəşt tətbiq etməsi prosesin ən diqqətçəkən məqamlarından biridir. B
eynəlxalq ekspertlər və beyin mərkəzləri bu addımı sadəcə diplomatik uğur kimi deyil, Pakistan, Qətər, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı kimi ölkələrin vasitəçiliyi ilə regional miqyasda tarixi bir transformasiya kimi qiymətləndirirlər.
Razılaşmanın Livanla bağlı münaqişələrin dayandırılmasını əhatə etməsi İsrail tərəfində müxtəlif reaksiyalara səbəb olub. ABŞ vitse-prezidenti Tramp administrasiyasının İran siyasətini tənqid edən İsrail kabinet üzvlərinə qarşı sərt mövqe nümayiş etdirib:
"Əgər İsrail kabinetində olsaydım, dünyadakı yeganə müttəfiqimə hücum etməzdim", - deyən Vens, İsraili qoruyan silahların böyük hissəsinin Amerika vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirildiyini xatırladıb.
O, həmçinin İsrailin hücumları nəticəsində mülki şəxslərin həlak olmasını "qəbuledilməz" adlandırıb.
Danışıqların ikinci mərhələsinə keçidlə birlikdə 60 günlük bir müddət başlayıb. Bu müddət ərzində tərəflərin texniki detallar üzrə razılığa gəlməsi gözlənilir. Tramp administrasiyasının İsrailin sülh prosesinə mane olmasını istəmədiyi bildirilir. Yaxın günlərdə İsveçrədə keçirilməsi planlaşdırılan görüşlərin gedişatı regionun geosiyasi mənzərəsi üçün həlledici rol oynayacaq.