ABŞ, Ukrayna və avropalı tərəfdaşların nümayəndələri Rusiya-Ukrayna müharibəsinin dayandırılması istiqamətində səyləri və möhkəm sülhün təmin edilməsi şərtlərini, o cümlədən Ukraynaya etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini müzakirə ediblər.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə tərəflərin Əbu-Dabidə keçirilmiş koordinasiya görüşünün yekunlarına dair birgə bəyanatında bildirilib.
Birgə bəyanatın mətnini ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoff açıqlayıb.
Bəyanata əsasən, iştirakçılar vurğulayıblar ki, hər hansı gələcək razılaşmalar Ukraynanın suverenliyini və ərazi bütövlüyünü, ölkənin müstəqil qərar qəbul etmək hüququnu nəzərə almalı və etibarlı təhlükəsizlik zəmanətlərini nəzərdə tutmalıdır.
"Ümumi məqsəd Ukraynanın uzunmüddətli təhlükəsizliyini gücləndirəcək və danışıqlar yolu ilə nizamlanmaya nail olmaq üçün lazımi etimad əsasını yaradacaq praktiki və bir-birini tamamlayan təhlükəsizlik sisteminin işlənib hazırlanmasından ibarətdir", - bəyanatda qeyd olunub.
Əbu-Dabidə Rusiya ilə üçtərəfli danışıqlar başlamazdan əvvəl Ukrayna nümayəndə heyətinin Avropa İttifaqı (Aİ) və ABŞ nümayəndələri ilə koordinasiya görüşü başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Ukrayna Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Rustem Umerov teleqram kanalında bildirib.
Görüşdə Böyük Britaniya, Fransa, Almaniya, İtaliya, NATO və Avropa Komissiyasının nümayəndələri, eləcə də ABŞ-nin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner iştirak ediblər. Ukrayna nümayəndə heyətinin tərkibinə Kirill Budanov, David Araxamiya, Sergey Kislitsa və Vadim Skibitski daxil olub.
"Biz danışıqların növbəti mərhələsindən əvvəl gələcək addımları əlaqələndirəcəyik", - R.Umerov qeyd edib.
Onun sözlərinə görə, növbəti mərhələ Ukrayna, ABŞ və Rusiyanın iştirakı ilə üçtərəfli danışıqlar olacaq.
R.Umerov hərbi əməliyyatların dayandırılmasını, müharibədənsonrakı etibarlı təhlükəsizlik zəmanətlərinin verilməsini, ölkənin iqtisadi bərpası və inkişafını, həmçinin humanitar məsələlərin həllini Ukraynanın əsas prioritetləri adlandırıb.
"Bu məsələlərdə maksimum irəliləmək və sülhü yaxınlaşdırmaq üçün çalışırıq", - o vurğulayıb.
Qeyd edək ki, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzrə üçtərəfli danışıqlar keçiriləcək.