Ukrayna Prezidenti Volodimir Zelenski ölkədəki hərbi əməliyyatların mövcud cəbhə xətti boyunca dondurulmasını və münaqişənin diplomatik müstəviyə keçirilməsini müharibənin başa çatdırılması üçün real yol hesab etdiyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM”-inABŞ-nin "Fox News" telekanalına istinadən yaydığı məlumata əsasən, Ukrayna dövlət başçısı bu barədə sözügedən kanala verdiyi xüsusi müsahibəsində danışıb.
Jurnalistin münaqişənin hazırkı təmas xəttində dondurulması, Kiyev rəhbərliyinin ölkə ərazisinin dörddəüç hissəsindən çoxunu nəzarətdə saxlaması şərtilə sülh sazişinə razı olub-olmayacağı barədə sualına V.Zelenski belə cavab verib:
“Bəli. Əgər biz hərbi əməliyyatları məhz indi dondurmalı olsaq, düşünürəm ki, bu, müharibənin başa çatdırılması üçün ən real yoldur”, – deyə Ukrayna lideri vurğulayıb.
Zelenski əlavə edib ki, atəşkəsin elan olunması diplomatik prosesin başlanması üçün ilkin şəərtdir və bundan sonra Kiyev münaqişənin tam nizamlanması üçün Birləşmiş Ştatlar və Avropa tərəfdaşlarından etibarlı təhlükəsizlik zəmanətlərinin alınması istiqamətində addımlar atacaq.
Ukrayna dövlət başçısının bu açıqlaması Moskva, Vaşinqton və Avropa paytaxtları arasında intensivləşən diplomatik məsləhətləşmələr fonunda səslənib.
Məlumata görə, bir gün əvvəl ABŞ nümayəndə heyəti Osloda Kiyev və Avropanın aparıcı dövlətlərinin təmsilçiləri ilə məxfi məsləhətləşmələr aparıb. Paralel olaraq, Birləşmiş Ştatlar Prezidentinin xüsusi elçisi Stiv Uitkoff Sankt-Peterburq şəhərinə səfər edərək Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə münaqişənin tənzimlənməsi üzrə kompromis təkliflərini müzakirə edib.
Ekspertlər Zelenskinin bəyanatını Ukrayna böhranının dondurulması və hərbi fazadan siyasi-diplomatik danışıqlar mərhələsinə keçid baxımından mühüm dönüş nöqtəsi kimi qiymətləndirirlər.