Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Avropa nümayəndə heyətinin ABŞ-nin vasitəçiliyi ilə keçiriləcək Rusiya-Ukrayna danışıqlarının növbəti raundunda iştirak edəcəyini bildirib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Fon der Lyayen Avropa nümayəndələrinin danışıqlarda iştirakının mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Onun sözlərinə görə, Ukraynanın təhlükəsizliyi birbaşa Avropanın təhlükəsizliyi ilə bağlıdır.
Avropa Komissiyasının sədri qeyd edib ki, danışıqlarda irəliləyiş Rusiyanın bəyanatları ilə deyil, konkret addımları ilə qiymətləndiriləcək.
O həmçinin Moskvanın danışıqlara ciddi yanaşdığını nümayiş etdirmək üçün bir sıra ilkin şərtləri yerinə yetirməli olduğunu bildirib.
Fon der Lyayenin sözlərinə görə, Rusiya enerji infrastrukturuna qarşı hücumları əhatə edən "qış atəşkəsi"nə və Qara dəniz vasitəsilə ərzaq daşıyan gəmilərin təhlükəsiz keçidini təmin edən razılaşmaya razılıq verməlidir.
"Bunlar mühüm addımlar olacaq, çünki Rusiyanın danışıqlara nə dərəcədə ciddi yanaşdığını göstərəcək", - Avropa Komissiyasının sədri vurğulayıb.