ABŞ Prezidenti Donald Tramp "USS Abraham Lincoln" aviadaşıyıcı zərbə qrupunun İran sahillərinə doğru hərəkət etdiyini rəsmən bəyan edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Ev rəhbəri bu addımı şərh edərkən, "Ümid edirik ki, bu gücdən istifadə etməyə ehtiyac qalmayacaq" ifadələrini işlədib.
ABŞ Hərbi Dəniz Qüvvələrinin rəsmiləri hərbi qüvvələrin Cənubi Çin dənizindən çıxarılaraq Hind okeanı və Ərəb dənizi xəttinə keçirildiyini təsdiqləyiblər.
"New York Times" tərəfindən yayımlanan məxfi kəşfiyyat hesabatlarında İran rəhbərliyinin son illərin ən kövrək dövrlərindən birini yaşadığı vurğulanır.
ABŞ-nin addımları yalnız İranla məhdudlaşmır. Vaşinqton eyni zamanda Hind-Sakit okean bölgəsinə də əlavə aviadaşıyıcılar və amfibiya qrupları sövq edib.
Bölgədəki hərbi arsenalın tərkibi:
- "USS Abraham Lincoln" aviadaşıyıcısı və onu müşayiət edən "USS Mobile Bay" kreyseri;
- "USS Roosevelt" daxil olmaqla "Arleigh Burke" sinfinə məxsus esmineslər;
- Yüzlərlə "Tomahawk" qanadlı raketləri və "Standard Missile" hava hücumundan müdafiə sistemləri;
- "F-35C Lightning II", "F/A-18E/F Super Hornet" qırıcıları və "EA-18G Growler" elektron müharibə təyyarələri.
Pekinin bu hərəkətliliyə reaksiyası isə gərginliyi daha da artırıb. İddialara görə, Çin rəhbərliyi Tehrana logistik dəstək vermək və tədarük xətlərini qorumaq məqsədilə bölgəyə öz esmineslərini və sualtı qayıqlarını göndərməyi planlaşdırır.
Hərbi ekspertlər hesab edirlər ki, ABŞ-ın əsas məqsədlərindən biri İrana qarşı mümkün əməliyyat zamanı Çindən gələ biləcək hər cür mülki və hərbi yardımı bloklamaqdır.
Hazırda ABŞ-nin bölgədəki hava gücü Qətərdəki "Al Udeid", Bəhreyndəki 5-ci Donanma bazası və İordaniyadakı hərbi obyektlərdə cəmləşib. Həmçinin, mümkün raket hücumlarına qarşı bölgəyə "Patriot" və "THAAD" hava hücumundan müdafiə sistemləri də yerləşdirilib.