ABŞ hakimiyyəti İran prezidenti Məsud Pezeşkian və xarici işlər naziri Abbas Əraqçi də daxil olmaqla, ölkə nümayəndə heyətinin üzvlərinə BMT-nin Nyu-Yorkda keçiriləcək Baş Assambleyasında iştirak etmələri üçün ölkəyə giriş vizaları verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı "NBC News" məlumat yayıb.
Bildirilib ki, bununla belə, İran nümayəndə heyətinin üzvlərinə qarşı müəyyən məhdudiyyətlər tətbiq olunacaq.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, qəbul edən ölkə kimi öhdəliklərə uyğun olaraq İran rejiminin əsas nümayəndə heyəti BMT Baş Assambleyasının yüksəksəviyyəli həftəsində iştirak edə biləcək, lakin onlara səyahət məhdudiyyətləri qoyulacaq, siyasətə əsasən dəbdəbəli əşyalar və digər mallar almaq qadağan ediləcək.
Digər tərəfdən, mənbələrin məlumatına görə, ABŞ administrasiyası tətbiq edilən sanksiyalar səbəbindən Fələstin prezidenti Mahmud Abbasın Baş Assambleyada iştirak etmək üçün viza müraciətini yenidən rədd edib.