ABŞ-nin İrana qarşı əməliyyatda minlərlə raketdən istifadə etdiyi iddia olunur.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Bildirilib ki, ABŞ ordusu İrana qarşı həyata keçirilən əməliyyat zamanı 1000-dən çox uzaqmənzilli “Tomahawk” raketindən istifadə edib.
Qeyd olunub ki, Vaşinqton eyni zamanda “Patriot” və “THAAD” hava hücumundan müdafiə sistemləri üçün nəzərdə tutulmuş 1500-2000 arasında raket sərf edib.
Məlumata görə, nəşr bu ehtiyatların yenidən doldurulmasının altı ilə qədər vaxt apara biləcəyini vurğulayıb.
Açıqlamada qeyd olunub ki, mövcud vəziyyət ABŞ administrasiyasını gələcək böhranlar üçün əməliyyat planlarını yenidən nəzərdən keçirməyə vadar edib.
Bildirilir ki, bəzi amerikalı rəsmilər hazırkı şəraiti nəzərə alaraq, Çinlə mümkün münaqişə halında ABŞ-nin Tayvanı müdafiə etmək planlarını tam şəkildə həyata keçirmək qabiliyyətinə şübhə ilə yanaşırlar.
Lakin vurğulanıb ki, bu qiymətləndirmələr daha çox qısamüddətli ssenarilərlə bağlıdır.