ABŞ-nin İrandakı Virtual Səfirliyi Tehranı, Yəməndəki husiləri və digər müttəfiq qrupları regionda Amerika maraqlarına və vətəndaşlarına, o cümlədən şirkət və müəssisələrə zərbələr endirə biləcəyi barədə xəbərdarlıq edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu fikirlər ABŞ-nin İrandakı Virtual Səfirliyinin noyabrın 25-də yaydığı bəyanatda bildirilib.
Bəyanatda hərbi əməliyyatların qısa müddətdə genişlənə biləcəyi vurğulanıb.
"Heç bir halda İrana səfər etməyin. ABŞ vətəndaşları İranı dərhal tərk etməlidirlər", - xəbərdarlıqda qeyd olunub.
Regionda olan ABŞ vətəndaşlarına aviaşirkətlərin və hava limanlarının fəaliyyətini diqqətlə izləmək, mümkün uçuş ləğvlərinə və hava məkanının bağlanmasına hazır olmaq tövsiyə edilib.
Vaşinqton İranın Bəhreyn və Küveytdəki ABŞ obyektlərinə hücumlarından sonra Yaxın Şərqdəki vətəndaşlarını yüksək hazırlıq vəziyyətində olmağa çağırıb.
Qeyd edək ki, ABŞ və İran 1980-ci ildən bəri diplomatik münasibətlər saxlamır. Tehranda ABŞ-nin maraqlarını İsveçrə səfirliyi təmsil edir. Xəbərdarlıqda yardım almağa ehtiyacı olan ABŞ vətəndaşlarının İsveçrənin İrandakı səfirliyinin ABŞ maraqlarının müdafiəsi bölməsinə müraciət edə biləcəyi bildirilib.