ABŞ-nin Vaşinqton ştatının Spokane şəhəri yaxınlığında baş verən güclü meşə yanğınlarının əsas konturları yanğınsöndürənlər tərəfindən nəzarət altına alınıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, xilasedicilər hazırda qarşıdan gələn isti və quru hava şəraitinə hazırlaşaraq müdafiə xətlərini möhkəmləndirirlər.
Məlumata görə, şənbə günündən davam edən yanğınlar nəticəsində azı 700 ev və digər tikili yararsız hala düşüb. On minlərlə sakin təhlükəsiz ərazilərə təxliyə edilib. Spokane şəhərinin şimal kənarında baş verən üç böyük yanğın ocağı 10 min akrdan çox ərazini əhatə edib. Hazırda əsas diqqət qalan alov ocaqlarının söndürülməsinə və yaşayış məntəqələri yaxınlığında risklərin azaldılmasına yönəldilib.
Bildirilib ki, hadisənin ən gərgin dövründə təxminən 64 min nəfər üçün təxliyə əmri verilib. İlkin qiymətləndirmələrə əsasən, 700-dən çox tikili dağılıb, daha 400 bina isə ciddi ziyan görüb. Hadisə nəticəsində insan tələfatı qeydə alınmayıb, itkin düşdüyü bildirilən 14 nəfərin hamısı sağ-salamat tapılıb.
Hüquq-mühafizə orqanları yanğınlardan biri ilə bağlı yerli sakinlərdən birini qəsdən od vurma şübhəsi ilə saxlayıb. Digər iki yanğının başvermə səbəbləri ilə bağlı araşdırmalar davam edir. Rəsmilər yanğınların ildırım nəticəsində baş vermədiyini açıqlayıblar.
Qeyd edək ki, "National Interagency Fire Center"in məlumatına görə, hazırda ABŞ-ın 13 ştatında 94 böyük yanğın aktivdir. Mütəxəssislər vəziyyəti uzunmüddətli quraqlıq, ekstremal istilər və iqlim dəyişikliyinin təsirləri ilə əlaqələndirirlər.