ABŞ-də hökm sürən kəskin istilər enerji sistemində əlavə tədbirlərin görülməsini zəruri edib. Ölkənin 13 ştatı və paytaxt Vaşinqtonu elektrik enerjisi ilə təmin edən “PJM Interconnection” şəbəkəsi artan tələbat səbəbindən fövqəladə səlahiyyətlərin tətbiqi üçün müraciət edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə şəbəkə operatorunun yaydığı açıqlamada bildirilib.
Məlumata görə, qərar enerji istehlakının kəskin artması fonunda şəbəkənin dayanıqlılığını qorumaq və mümkün elektrik çatışmazlığının qarşısını almaq məqsədi daşıyır.
Qeyd olunub ki, “PJM Interconnection”-a zərurət yarandığı təqdirdə bəzi elektrik stansiyalarını adi ekoloji emissiya və istismar limitlərindən kənar rejimdə işə salmağa icazə verilib. Bu tənzimləmənin iyunun 30-dan iyulun 3-dək qüvvədə olacağı bildirilib.
Məlumata əsasən, şəbəkə operatorunun proqnozlarına görə, elektrik enerjisinə tələbatın bu gün 159 min 563 meqavata, sabah isə 162 min 860 meqavata qədər yüksələcəyi gözlənilir.
ABŞ-nin Energetika naziri Kris Rayt qərarı şərh edərək, bunun fövqəladə vəziyyətə operativ reaksiya imkanı yaratdığını və ictimai maraqlara xidmət etdiyini bildirib.
Qeyd edilib ki, bölgədə hava temperaturunun 35 dərəcəyə, bəzi ərazilərdə, o cümlədən Baltimor və Vaşinqton ətrafında isə 38 dərəcəni keçəcəyi proqnozlaşdırılır.