İran parlamentinin bir qrup üzvü Ali Rəhbər Müctəba Xameneidən qitələrarası ballistik raketlərin hazırlanmasına icazə verməsini istəyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın "Asriran" qəzeti məlumat yayıb.
Məlumata görə, müraciəti ABŞ ilə aparılan danışıqların nəticələrinə skeptik yanaşan 85 iranlı parlamentar imzalayıb. Deputatlar Tehranla Vaşinqton arasında münaqişənin sülh yolu ilə həllinə dair danışıqlarda ABŞ-nin mövqeyinə etimadsızlıq ifadə ediblər.
İsrailin "The Jerusalem Post" nəşri isə yazır ki, ABŞ-nin Müharibə Tədqiqatları İnstitutunun (ISW) analitikləri sözügedən müraciəti ABŞ ərazisinə çata biləcək raketlərin hazırlanmasına çağırış kimi qiymətləndiriblər.
Nəşrə açıqlama verən İsrailin keçmiş milli təhlükəsizlik müşaviri Yaakov Amidror bildirib ki, Vaşinqtonla danışıqlar nəticəsində əldə edilə biləcək iqtisadi üstünlüklər Tehrana belə hərbi proqramların həyata keçirilməsi üçün əlavə resurslar qazandıra bilər.
Qeyd edək ki, məsələ ilə bağlı İranın rəsmi qurumları tərəfindən hələlik əlavə açıqlama verilməyib.