Moldova ilə Rumıniyanın birləşdirilməsini nəzərdə tutan qanun layihəsi Rumıniya parlamentinin aşağı palatası olan Deputatlar Palatasında qəbul edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Məlumata görə, təşəbbüs Avropa Parlamentinin deputatı Diana Şoşoaka tərəfindən fevral ayında parlamentə təqdim olunub.
Qanun layihəsinin “səssiz qəbul” proseduru ilə təsdiqləndiyi bildirilir.
Bu mexanizmə əsasən, plenar iclasda müzakirə olunmayan və rədd edilməyən layihələr 45 gün ərzində avtomatik qəbul edilmiş sayılır.
Bununla belə, qeyd olunur ki, Deputatlar Palatasının qərarı yekun deyil. Sənəd növbəti mərhələdə Rumıniya parlamentinin yuxarı palatası – Senatın müzakirəsinə göndəriləcək.
Sovet İttifaqının dağılmasından sonra Moldova müstəqilliyini elan etsə də, Rumıniyada bəzi siyasi dairələr ölkənin ərazisini Rumıniyanın tərkibi hesab edir və birləşmə ideyasını irəli sürürlər. Buxarestin Kişinyovla birləşməni dəstəkləyən siyasi qüvvələrə müəyyən dəstək verdiyi də iddia olunur.