NATO sammitinin əsas gündəliyi müdafiə xərclərinin artırılması olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, iyulun 7–8-də Ankarada keçiriləcək NATO liderlərinin sammitində əsas müzakirə mövzusu müdafiə xərcləri və yeni hədəflər olacaq.
Məlumata görə, sammit tarixi bir mərhələyə təsadüf edir: bütün üzv ölkələr ilk dəfə olaraq ÜDM-in ən azı 2 faizini müdafiəyə ayırmaq hədəfinə çatıb. Lakin alyans artıq daha yüksək məqsədlər müəyyən edib.
Bildirilib ki, iyun ayında Haaqada keçirilən görüşdə liderlər 2035-ci ilə qədər müdafiə xərclərinin ÜDM-in 5 faizinə çatdırılması barədə razılığa gəliblər. Bu göstəricinin 3,5 faizi birbaşa hərbi müdafiəyə, 1,5 faizi isə kibertəhlükəsizlik, infrastruktur və dayanıqlılıq sahələrinə yönəldiləcək.
Məlumata görə, hazırda ən yüksək müdafiə xərcləri NATO-nun şərq cinahında yerləşən ölkələrdə müşahidə olunur. Polşa 4,48 faiz göstərici ilə alyansda liderdir və F-35 qırıcıları, HIMARS raket sistemləri və Patriot hava hücumundan müdafiə sistemlərinə böyük sərmayə yatırıb. Baltikyanı və Skandinaviya ölkələri də Rusiya və Belarusla sərhədlərdəki təhlükəsizlik riskləri səbəbindən xərclərini artırıblar.
ABŞ isə NATO daxilində ən böyük hərbi güc olaraq qalır. 2025-ci ildə ABŞ-nin müdafiə büdcəsinin təxminən 838 milyard dollar olduğu və bu rəqəmin alyansın ümumi xərclərinin təxminən 60 faizini təşkil etdiyi bildirilir.
Qeyd edək ki, Türkiyə sammitə ev sahibliyi edəcək və ÜDM-in 2,33 faizini müdafiəyə ayırır. Türkiyə həmçinin NATO-nun ən böyük ordularından birinə malikdir və strateji coğrafi mövqeyi ilə alyans üçün mühüm əhəmiyyət daşıyır.