Noyabrın 8-də çimərlik güləşində qızıl medal qazanan Tunar Quliyev əvvəlki yarışlarda ardıcıl dörd məğlubiyyət alsa da, mübarizəni dayandırmadığını bildirib. O, Zəfər Günündə Azərbaycan bayrağını dalğalandırmağın və himni səsləndirməyin böyük şərəf olduğunu deyib.
Quliyev Yeniyetmələrin Olimpiya çempionu olmasında əməyi olan yığma komandanın məşqçilərinə, şəxsi məşqçisinə, anasına və atasına təşəkkür edib. İdmançı çətin günləri birlikdə keçirdiklərini və sonda böyük qələbə qazandıqlarını vurğulayıb.
Digər çempion Elgün Kərimli də uğurunu Zəfər Günü ilə bağlayıb. O, qızıl medalını şəhidlərə, qazilərə və Zəfər Gününü yaşadan hər kəsə həsr etdiyini bildirib.
Kərimli yüksək nəticə əldə etməsində böyük əməyi olan məşqçilər heyətinə təşəkkür edib, qarşıdakı turnirlərdə də uğurlarını davam etdirəcəyinə inandığını söyləyib.
Kontekst
Xatırladaq ki, noyabrın 9-da Dünya Güləş Birliyi Dakar-2026-da Tunar Quliyev və Elgün Kərimlinin çimərlik güləşində qazandıqları qızıl medalları xüsusi materialında önə çıxarıb.