ABŞ-nin Ukrayna üzrə keçmiş xüsusi nümayəndəsi Kit Kellogq Donald Trampın Ukrayna Prezidenti Volodimir Zelenskiyə Donbasdan geri çəkilmək üçün təzyiq göstərdiyi barədə iddialara aydınlıq gətirib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Kelloq “Clash Report”a açıqlamasında Trampın heç vaxt Zelenskini Donbasın qalan hissəsini Rusiyaya təhvil verməyə məcbur etmədiyini bildirib.
Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin Trampın bu məsələdə Kiyevə təzyiq göstərəcəyini gözləsə də, bu baş verməyib.
Kelloq qeyd edib ki, Alyaskada keçirilən Tramp-Putin görüşündə də bu məsələyə aydınlıq gətirilib. O, Tramp administrasiyasının Ukraynanı ərazi güzəştlərinə məcbur etmək niyyətində olmadığını vurğulayıb.
Keçmiş xüsusi nümayəndə həmçinin Rusiyanın Donbasın tam nəzarətə götürülməsindən sonra müharibəni dayandıracağına zəmanət olmadığını bildirib. Onun sözlərinə görə, Moskvanın ərazi ambisiyalarının bununla məhdudlaşacağına inanmaq üçün əsas yoxdur.
Qeyd edək ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov döyüşlərin dayandırılması üçün Ukrayna qoşunlarının Donbasdan çıxarılmasını əsas şərtlərdən biri kimi göstərmişdi.