Finlandiya Prezidenti Aleksandr Stubb Ukrayna münaqişəsinin həlli istiqamətində aparılan danışıqlarda pərdəarxası fəaliyyət göstərdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, “Avropa həqiqəti”nə istinadən yayılan məlumata görə, Stubb hazırda Kiyev və Vaşinqton arasında informasiya mübadiləsini təmin etdiyini bildirib.
Finlandiya lideri öz rolunun daha çox pərdəarxasında olduğunu vurğulayıb. Onun sözlərinə görə, əsas vəzifəsi Ukraynadan ABŞ-yə, ABŞ-dən isə Ukraynaya məlumat ötürməkdir.
Stubb zərurət yaranacağı təqdirdə Rusiya ilə də informasiya mübadiləsində iştirak etməyə hazır olduğunu deyib.
Finlandiya Prezidenti ABŞ-ni danışıqlar prosesinin əsas iştirakçısı hesab etdiyini, lakin Ukraynanın gələcəyi ilə bağlı qərarların qəbulunda Avropa ölkələrinin də prosesə cəlb edilməsinin vacib olduğunu vurğulayıb.
O, Rusiya ilə danışıqlarda vasitəçi kimi çıxış etmək ehtimalını da istisna etməyib. Stubb bildirib ki, belə bir təklif irəli sürülərsə, bu missiyanı qəbul edə bilər. Bununla belə, onun fikrincə, danışıqlar prosesinin vahid komanda tərəfindən aparılması daha realdır.
Xatırladaq ki, Finlandiya Prezidenti daha əvvəl Ukraynanın Avropa İttifaqına üzvlüyünün Kiyev üçün münaqişədən ən yaxşı çıxış yollarından biri olduğunu bildirmişdi.