ABŞ prezidenti Donald Tramp mühafizəkar "The John Fredericks Show" radio proqramına telefonla qoşularaq İranla bağlı mühüm açıqlamalar verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, rəsmi Tehranın gec-tez danışıqlar yolunu seçəcəyinə əmin olduğunu vurğulayıb.
Tramp qeyd edib ki, İran hökuməti mütləq danışıqlara getməlidir:
"Əgər bunu etməsələr, indiyə qədər heç vaxt görmədikləri problemlərlə üzləşəcəklər".
Prezident İranın öz ölkəsini yenidən qurması üçün ədalətli bir razılaşma əldə edəcəyinə ümid etdiyini, lakin bu prosesdə onların nüvə silahına çıxışının qəti şəkildə əngəllənəcəyini bildirib.
İranın nüvə silahına sahib olmasına heç vaxt icazə verməyəcəklərini təkrarlayan Donald Tramp, bunun dünya üçün fəlakət ola biləcəyini diqqətə çatdırıb:
- Nüvə silahına çıxışları olmayacaq.
- Ona sahib olmaq şansları da qalmayacaq.
- Buna icazə verə bilmərik, çünki bu, dünyanın sonu demək olar.
ABŞ-nin İrana qarşı yürütdüyü siyasəti müdafiə edən Tramp, mövcud mövqeyin bir zərurət olduğunu ifadə edib. O, atılan addımları əsaslandıraraq, "İran məsələsində başqa seçimimiz yox idi, bunu etməyə məcbur idik" deyə əlavə edib.