ABŞ Prezidenti Donald Tramp Konqresin birgə iclasında ikinci prezidentlik dövrünün ilk ilini dəyərləndirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağ Ev rəhbəri vəzifədə olduğu 11 ay ərzində 8 müharibəni dayandırdığını deyərək regional münaqişələrin həlli istiqamətindəki fəaliyyətindən danışıb.
Son dövrün ən gərgin mövzusu olan İran məsələsinə xüsusi yer ayıran Tramp, Tehranla danışıqların davam etdiyini, lakin razılaşma əldə olunmayacağı təqdirdə bütün ssenarilərə hazır olduqlarını bildirib.
"Mənim üstünlüyüm bu problemi diplomatiya yolu ilə həll etməkdir. Lakin bir şey dəqiqdir ki, dünyanın bir nömrəli terror dəstəkçisi olan bu ölkənin nüvə silahına sahib olmasına əsla icazə verməyəcəyəm".
Tramp qeyd edib ki, İran artıq Avropanı və ABŞ-nin dənizaşırı bazalarını hədəf ala biləcək raketlər inkişaf etdirib, indi isə birbaşa ABŞ ərazisinə çata biləcək texnologiyalar üzərində işləyir.
Prezident ABŞ-yə yönəlmiş hər hansı təhdid qarşısında hərbi seçimlər də daxil olmaqla bütün ehtimalların masada olduğunu vurğulayıb.
Çıxışında İran daxilindəki etirazlara da toxunan Tramp, nümayişlər zamanı 32 min insanın öldürüldüyünü iddia edib və öz müdaxiləsi sayəsində yüzlərlə edamın qarşısının alındığını bildirib.
Yaxın Şərqdəki ümumi vəziyyəti şərh edən ABŞ lideri, Qəzzada atəşkəsin əldə olunmasının regional sülh üçün kritik əhəmiyyət kəsb etdiyini deyərək, əsirlərin qaytarılması prosesində əməyi olanlara təşəkkür edib.