Birləşmiş Ştatlar Prezidenti Donald Tramp Vaşinqtonun tələblərinə əməl olunmayacağı təqdirdə Ukraynaya qarşı strateji təzyiq rıçaqlarını işə sala bilər. "Politico" nəşrinin ekspert analizinə və diplomatik mənbələrə istinadən yaydığı məlumata görə, Ağ Ev rəhbərliyi Kiyevi Amerika kəşfiyyat məlumatlarının ötürülməsindən məhrum edə, eləcə də İlon Maska təzyiq göstərərək Ukrayna Silahlı Qüvvələrinin cəbhə xəttində operativ idarəetmə üçün geniş istifadə etdiyi “Starlink” peyk internet sisteminin fəaliyyətini dayandıra bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nəşrin dəyərləndirməsinə əsasən, ABŞ və Rusiya arasında dizel yanacağının tədarükünə dair əldə edilən sürpriz razılaşma Ukraynanın qış mövsümü ərəfəsində mürəkkəb energetika və hərbi şəraitlə üz-üzə qaldığı həssas dövrə təsadüf edir.
Ukrayna Prezidenti Volodimir Zelenski Vaşinqton və Moskva arasındakı dizel sazişini “zəif qərar” adlandıraraq kəskin tənqid edib və Rusiya ərazisindəki neft emalı zavodlarına (NEZ) zərbələrin davam etdirilməsinin vacibliyini müdafiə edib. "Politico" yazır ki, Kiyevin bu mövqeyinə cavab olaraq D.Tramp Ukraynada hakimiyyət dəyişikliyinin və yeni prezident seçkilərinin keçirilməsinin vaxtının çatdığını bəyan edib.
Analitiklərin qənaətinə görə, əgər rəsmi Kiyev ABŞ Administrasiyasının tələblərinə məhəl qoymayaraq mövcud xətti davam etdirərsə, Vaşinqton Ukrayna ordusu üçün həyati əhəmiyyət kəsb edən kəşfiyyat dəstəyini və peyk rabitəsini tamamilə kəsə bilər.
Tramp bundan əvvəl də V.Zelenskini qlobal miqyasda gərginlik yaratmaqda ittiham edib, onun münaqişəni dinc yolla nizamlamaq imkanlarını əldən verdiyini və ölkəyə yeni siyasi liderin lazım olduğunu vurğulayıb.
Öz növbəsində, Rusiya Prezidenti Vladimir Putin V.Zelenskinin dialoqa hazır olacağı təqdirdə Moskvaya gələ biləcəyini dəfələrlə bəyan edib. Kremlin mətbuat katibi Dmitri Peskov da məsələyə münasibət bildirərək, Moskvanın mövqeyinin dəyişməz qaldığını, Kiyev rəhbərliyinin istəyi olacağı təqdirdə Moskvada görüşün təşkil edilə biləcəyini və bütün təhlükəsizlik zəmanətlərinin veriləcəyini diqqətə çatdırıb. D.Peskov əlavə edib ki, Ukrayna rəhbərliyi mövcud şəraitdə hansı siyasi qərarların qəbul edilməli olduğunu yaxşı anlayır.