ABŞ Prezidenti Donald Tramp “Fox News” telekanalına telefon müsahibəsində İran rəhbərliyinin ünvanına sərt təhdidlər səsləndirib. ABŞ lideri Tehranın Vaşinqtonun şərtlərini qəbul edərək yeni saziş imzalamayacağı təqdirdə ölkənin tamamilə məhv ediləcəyini və ya ağır iqtisadi çöküşə sürüklənəcəyini bəyan edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “Fox News” telekanalı məlumat yayıb.
Məlumata görə, Tramp Yaxın Şərqdə davam edən gərginlik fonunda İranın qarşısında üç əsas ssenarinin olduğunu bildirib: yeni razılaşmanın əldə olunması, ölkənin tamamilə iqtisadi iflasa uğraması və ya siyasi rəhbərliyin sıradan çıxarılması. Buna baxmayaraq, ABŞ Prezidenti bu həftə BMT Baş Assambleyasının illik sammiti çərçivəsində Nyu-Yorka gəlməsi gözlənilən İran Prezidenti Məsud Pezeşkiyanla görüşməyə açıq olduğunu da diqqətə çatdırıb.
Trampın bəyanatları İran Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının ABŞ və müttəfiqlərinə qarşı cavab zərbələri endiriləcəyi ilə bağlı xəbərdarlığından sonraya təsadüf edir. Regionda hərbi risklərin və hava fəzasındakı qeyri-müəyyənliyin kəskin artması səbəbilə ABŞ Dövlət Departamenti Yaxın Şərqdə olan amerikalılar üçün yüksək səviyyəli təhlükəsizlik xəbərdarlığı yayıb.