Seneqalın paytaxtı Dakarda keçirilən Yeniyetmələrin Yay Olimpiya Oyunlarında Azərbaycanın çimərlik güləşi təmsilçiləri növbəti görüşlərinə çıxıblar.
80 kq çəki dərəcəsində yarışan Nihad Süleymanlı C qrupundakı ilk qarşılaşmasında əlcəzairli Kraled Kebirini 4:0 hesabı ilə məğlub edib. O, növbəti görüşdə hindistanlı Xoxar Dipanşuya 3:0 hesabı ilə qalib gəlib.
55 kq çəki dərəcəsində mübarizə aparan Günel Kərimli A qrupunda latviyalı Anastasiya Jakovlevanı 3:2 hesabı ilə üstələyib. Kərimlinin ikinci görüşdəki rəqibi, qvineyalı Mariama Fula Kaba yarışda iştirak etmədiyindən Azərbaycan təmsilçisi texniki qələbə qazanıb.
Azərbaycan çimərlik güləşində ümumilikdə dörd idmançı ilə təmsil olunur. Digər iki güləşçimiz noyabrın 8-də mübarizəyə qoşulacaq.
Azərbaycan millisinin hesabında hələlik bir qızıl medal var. Cüdo yarışlarında 55 kq çəki dərəcəsində çempion olan İbrahim Talıbov ölkəmizə yeganə mükafatı qazandırıb.
Olimpiya Oyunları noyabrın 13-dək davam edəcək. 25 idman növü üzrə 153 medal dəsti uğrunda 2700-ə yaxın idmançı mübarizə aparır. Azərbaycan səkkiz idman növündə 13 idmançı ilə təmsil olunur.
Kontekst
Noyabrın 7-də çimərlik güləşi yarışlarına Günel Kərimli 55 kq, Nihad Süleymanlı isə 80 kq çəki dərəcəsində qatılmalı idi.