ABŞ Prezidenti Donald Tramp Vaşinqton və Tehran arasında imzalanması planlaşdırılan anlaşma memorandumunun yekun razılaşma olmadığını bildirib və sənədin şərtlərindən narazı qalacağı təqdirdə İrana qarşı hərbi əməliyyatların bərpa oluna biləcəyini istisna etməyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Tramp bu barədə Fransanın Evian şəhərində Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı danışıb.
ABŞ liderinin sözlərinə görə, cümə günü imzalanması nəzərdə tutulan sənəd yalnız anlaşma memorandumu xarakteri daşıyır və yekun saziş hesab edilə bilməz.
“Bu, yekun razılaşma deyil. Bu, anlaşma memorandumudur. Əgər xoşuma gəlməsə, biz onlara atəş açmağa və başlarına bomba atmağa davam edəcəyik”, – deyə Tramp bildirib.
Prezident əlavə edib ki, İran memorandumun şərtlərinə əməl etməzsə və ya Vaşinqtonun tələblərinə məhəl qoymazsa, ABŞ yenidən hərbi zərbələrə əl ata bilər.
“Əgər mən memorandumu bəyənməsəm, əgər onlar qulaq asmasalar, biz yenidən onlara bomba yağdırmağa başlayacağıq. Çünki onlar 47 ildir ki, qulaq asmırlar”, – deyə Tramp vurğulayıb.
Qeyd edək ki, Trampın açıqlaması Fransada keçirilən G7 sammiti çərçivəsində baş tutan görüş zamanı səsləndirilib.