Tayvanda cümə günü “Çampi” qasırğasının yaxınlaşması ilə əlaqədar ərazinin demək olar ki, hamısında fəaliyyət dayandırılıb. Qasırğanın güclü külək və leysan yağışlar gətirəcəyi proqnozlaşdırılır. Fırtına zəifləsə də, adaya birbaşa çata bilər.
AnewZ-in məlumatına görə, Tayvanın Mərkəzi Meteorologiya İdarəsi qasırğanın mərkəzinə yaxın ərazidə küləyin sürətinin saatda təxminən 191 kilometrə çatdığını bildirib. “Çampi” bir müddət superqasırğa statusu alıb və bu il Sakit okeanda qeydə alınan ən güclü fırtınalardan biri olub.
Qasırğa Tayvanın cənub ucundan təxminən 320 kilometr şərqdə yerləşib. Proqnozlaşdırılan trayektoriyaya əsasən, fırtına Tayvanın şimal-şərq sahillərinin yaxınlığından keçəcək, şimala — Çin sahillərinə doğru dönəcək və daha sonra Yaponiyanın cənubuna yönələcək.
Tayvan hökumətinin məlumatına görə, fırtına nəticəsində bir nəfər ölüb, 94 nəfər xəsarət alıb. Dağlıq ərazilərdən təxminən 1 300 nəfər təxliyə edilib.
Qasırğanın adaya çatması istisna edilmir
Tayvanın Mərkəzi Meteorologiya İdarəsinin proqnozçusu Liu Pei-tenq “Reuters”ə bildirib ki, qasırğa adaya yaxınlaşarkən dayanarsa, dövrə vurarsa və ya yanlara doğru hərəkət edərsə, birbaşa quruya çıxması istisna deyil.
“Fırtınanın külək radiusu kifayət qədər böyükdür və son illərdə qeydə alınan iri radiuslardan biridir. Qasırğa yavaşlayarsa, güclü küləklər Tayvana daha uzun müddət təsir edəcək”, — Liu deyib.
Sahil şəhərlərinin sakinlərinə mobil telefonlarla saatda 150 kilometrdən artıq külək barədə xəbərdarlıqlar göndərilib və dərhal sığınacağa getmələri tövsiyə olunub. Taypeyin ətrafı da daxil olmaqla, şimaldakı dağlıq ərazilərə təxminən bir metr yağıntı düşəcəyi proqnozlaşdırılıb.
Şimal-şərqdə yerləşən Yilan dairəsində güclü külək və leysan şiddətlənib. Qasırğanın cümə günü ərazinin yaxınlığından keçəcəyi gözlənildiyindən, rəsmilər qum kisələri paylayıb, amfibiya maşınlarını və şişmə xilasetmə qayıqlarını hazır vəziyyətə gətiriblər.
Əvvəlki qasırğalarda ciddi daşqınların yaşandığı Suao liman şəhərinin rəhbəri Li Minçen bildirib ki, zərurət yaranarsa, hərbçilər əhaliyə kömək edəcək, o cümlədən təxliyə və fəlakət nəticələrinin aradan qaldırılması üçün amfibiya maşınlarından istifadə olunacaq.
931 daxili və beynəlxalq reys ləğv olunub
Tayvanın maliyyə bazarları da cümə günü bağlı qalıb. Çin sahillərinin yaxınlığında yerləşən və Tayvanın nəzarətində olan Kinmen adalarında isə məktəb və idarələr adi qaydada fəaliyyət göstərəcək.
Nəqliyyat nazirliyinin məlumatına görə, cümə günü 262 daxili və 669 beynəlxalq reys ləğv edilib. Şimal-cənub istiqamətində hərəkət edən sürətli dəmir yolu qatarları adi qrafiklə işləyib.