Suriyada yanacağın bahalaşmasına qarşı kütləvi etiraz aksiyaları daha da kəskinləşib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə xarici KİV-lər regiondakı mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, sakinlərin ölkənin müxtəlif bölgələrində şinlər yandıraraq əsas magistral yolları bağladığı, neft emalı zavodlarına gedən yanacaq çənlərinin qarşısını kəsdiyi bildirilir. Etirazçılar sentyabrın 12-dən tətbiq edilən qiymət artımının ləğv olunmasını, əvvəlki tariflərin bərpasını, habelə energetika və iqtisadiyyat nazirlərinin dərhal istefaya göndərilməsini tələb edirlər. Nümayişlər zamanı daxili təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında qarşıdurmaların yaşandığı qeyd olunur.
Bildirilib ki, yeni qərara əsasən dizelin qiyməti 40 faiz, benzinin qiyməti 26-28 faiz, məişət qazının qiyməti isə təxminən 9 faiz qaldırılıb. Bu aksiyalar 2024-cü ilin dekabrında Bəşər Əsəd rejiminin devrilməsindən sonra ölkədə qeydə alınan ən genişmiqyaslı etiraz dalğası hesab olunur. Suriyanın Energetika Nazirliyinin mətbuat xidmətinin rəhbəri Əbdülhəmid Silat isə açıqlamasında qiymət artımının daxili bazarın idxaldan asılılığı və dünya enerji bazarlarındakı bahalaşma ilə bağlı məcburi addım olduğunu bəyan edib.