Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü Sessiyası (WUF13) barədə ölkə ictimaiyyətinin məlumatlandırılması məqsədilə mayın 12-də Sumqayıt Dövlət Universitetində müəllim və tələbələrin iştirakı ilə WUF13-ə həsr edilmiş məlumatlandırma sessiyası keçirilib.
Əməliyyat Şirkətindən “Operativ Məlumat Mərkəzi-OMM”-ə verilən məlumata görə, tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Fərman Kazımov Sumqayıt şəhərinin yaradılması tarixindən, 77 il ərzində keçdiyi inkişaf mərhələlərindən danışıb.
Sumqayıt şəhərində son 10 ildəki şəhərsalma sahəsindəki yeniliklər haqda məlumat verilib və WUF13 tədbirinin vacibliyi vurğulanıb.
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Ramiz İdrisoğlu ölkəmizdə əldə olunan şəhərsalma nailiyyətlərindən danışaraq, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı quruculuq işlərini xüsusi vurğulayıb. O bildirib ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yalnız bərpa deyil, eyni zamanda müasir standartlara uyğun yeni yaşayış məkanları formalaşdırılır. Qeyd olunub ki, artıq 8 şəhərin baş planı və 101 kənd və qəsəbənin şəhərsalma əsaslandırılması təsdiqlənib.
WUF13 Azərbaycan Əməliyyat Şirkətinin kommunikasiya üzrə meneceri Emin Huseynzadə WUF13 barədə ətraflı məlumat verərək universitetin müəllim və tələbələrini Foruma dəvət edərək bildirib ki, tədbirin proqramı artıq açıqlanıb. O qeyd edib ki, iştirakçılar tədbirə həm əyani, həm də onlayn formada qoşula bilərlər.
WUF13 Festivalı axşam saat 18:00-da Göyərçin parkında keçirilən ictimai proqramla davam edib. Proqram çərçivəsində interaktiv fəaliyyətlər, maarifləndirici oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya çatdırılacaq. Eyni zamanda, WUF13-ün əsas mövzusu və ideyaları barədə ətraflı məlumat təqdim olunacaq.
Forum çərçivəsində keçiriləcək tədbirlərlə tanış olmaq üçün www.wuf13.az saytına daxil olmaq mümkündür.