ABŞ Dövlət Departamenti Daxili Təhlükəsizlik Nazirliyi ilə koordinasiyalı şəkildə yeni miqrasiya siyasəti tətbiq etməyə hazırlaşır.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, yeni siyasət çərçivəsində qısa müddətli ziyarətçi vizası ilə ABŞ-yə daxil olaraq daha sonra daimi yaşamaq üçün sığınacaq müraciəti edən şəxslərin “qeyri-immiqrant” vizalarının ləğv edilməsi nəzərdə tutulur.
Dövlət Departamenti dəqiq rəqəm açıqlamasa da, ABŞ mediasında yayılan məlumatlara görə, qərarın 2016-2026-cı illər arasında verilmiş B1 və B2 vizalarına şamil ediləcəyi bildirilir. Sözügedən addımın təxminən 200 min nəfərə təsir göstərə biləcəyi proqnozlaşdırılır.
Vizaların ləğvi həmin şəxslərin avtomatik olaraq ABŞ-dən deportasiya ediləcəyi anlamına gəlmir. Sığınacaq prosesi davam edən şəxslər ziyarətçi statuslarını itirə, onların miqrasiya kateqoriyaları isə yenidən müəyyənləşdirilə bilər.
ABŞ Dövlət Katibinin müavini Kristofer Landau bildirib ki, ölkənin sığınacaq sistemi uzun müddətdir əsassız və etibarsız müraciətlərlə yüklənib. Rəsmilər qərarın əsas məqsədinin daxili təhlükəsizliyin gücləndirilməsi olduğunu vurğulayırlar.
İnsan hüquqları təşkilatları isə planlaşdırılan addıma etiraz edərək bunun ifadə azadlığı və ədalətli mühakimə hüquqları baxımından ciddi suallar doğurduğunu bildiriblər.