Belçikanın paytaxtı Brüsseldə son 4 gün ərzində 4 silahlı hücum baş verib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, sonuncu hadisə şəhərin Sen-Jil rayonunda qeydə alınıb.
Yerli vaxtla saat 02:40 radələrində baş verən silahlı hücum nəticəsində bir nəfər yaralanaraq xəstəxanaya yerləşdirilib.
Polis hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb.
Sonuncu hücumdan əvvəl, avqustun 21-də Anderlext rayonunda polis bölməsinə uzunlüləli silahla atəş açılıb. Hadisə zamanı ölən və ya yaralanan olmayıb, lakin polis bölməsinin fasadında çoxsaylı güllə izləri aşkarlanıb.
Avqustun 22-də isə Sen-Jil rayonunda daha bir silahlı hücum baş verib. Rayonun meri Jan Spinett bir nəfərin ayağından yaralandığını, onun həyati təhlükəsinin olmadığını bildirib. Mer hücumun narkotik ticarəti ilə əlaqəli ola biləcəyini deyib.
Bundan əlavə, dünən səhər saat 07:00 radələrində rayonda atəş açılıb. Güllələrdən biri yaşayış evinin pəncərəsinə dəyib. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Avropa İttifaqı institutlarının yerləşdiyi Brüssel son illərdə narkotik qaçaqmalçılığı və cinayətkar qruplar arasındakı silahlı qarşıdurmalar səbəbindən artan təhlükəsizlik problemləri ilə üzləşir.
Belçika polisi 2025-ci ildə Brüsseldə 96 silahlı hücum qeydə alıb. Hücumların əksəriyyətinin narkotik ticarəti ilə əlaqəli olduğu bildirilib. Həmin hadisələrdə 8 nəfər həyatını itirib.