Fransada tələbələr və təhsil işçiləri məktəb və universitetlərə daha çox vəsait ayrılması tələbi ilə etiraz aksiyaları keçiriblər. AnewZ-nin məlumatına görə, noyabrın 26-da, cümə axşamı Parisdə təxminən 2 min nəfər yürüş edib.
Universitet kollektivinin “Interfac” təşkil etdiyi yürüş Bastiliya meydanından başlayaraq Panteonun qarşısında başa çatıb. “Franceinfo” ictimai yayımçısının verdiyi məlumata görə, aksiya günortadan sonra dinc şəkildə yekunlaşıb.
Tələbələr universitetlərə əlavə resurslar tələb edir
Fransanın digər şəhərlərində də tələbələr və təhsil işçiləri universitetlərdə daha çox yer, əlavə əməkdaş və təhsil şəraitinin yaxşılaşdırılması tələbi ilə etiraz ediblər.
Tələbə və işçi birlikləri hökumətdən ali təhsilin genişləndirilməsi və kadr çatışmazlığının aradan qaldırılması üçün hərtərəfli plan hazırlamağı istəyirlər. Onların fikrincə, hökumətin universitetlərdə əlavə 20 min yer açmaq və “Parcoursup” qəbul platformasını əvəzləmək öhdəliyi yetərli deyil.
Bəzi tələbə təşkilatları qəbul zamanı seçmə prosedurlarının ləğvini, tələbə təqaüdlərinin artırılmasını və təhsil işçilərinin maaşlarının yaxşılaşdırılmasını da tələb edirlər. Hökumət “Parcoursup” platformasında islahatlara 2027-ci ildə başlamağı, 2028-ci ildə isə onu əvəzləməyi planlaşdırır. Nümayişçilər daha geniş dəyişikliklərə ehtiyac olduğunu bildirirlər.
Ali Təhsil naziri Filip Baptiste nümayişçiləri universitetlərin girişlərini bağlamağa son qoymağa çağırıb və bu aksiyaların dərsə qatılmaq istəyən tələbələrə zərər vurduğunu deyib. O, xüsusilə birinci kurs tələbələrinə təsirə diqqət çəkərək tədrisin bərpasını istəyib.
Etiraz hərəkatı sentyabrın ortalarında başlayıb, universitet resursları və ali təhsilə çıxışla bağlı narahatlıqlar fonunda oktyabrda genişlənib. Ali Təhsil Nazirliyinin məlumatına görə, cümə axşamı keçirilən aksiyalardan əvvəlki 10 gündə təhsil müəssisələrinin 20–25 faizi fəaliyyətində pozuntularla üzləşib.
Polis əməkdaşları da etiraz aksiyaları keçirib
Polis əməkdaşları cümə axşamı Paris, Renn və Fransanın digər şəhərlərindəki polis bölmələrinin qarşısında ayrıca etiraz aksiyaları keçirərək daha yaxşı iş şəraiti və yüksək maaş tələb ediblər.
Polis həmkarlar ittifaqları xüsusi xidmət əlavəsinin əsas maaşın 28,5 faizindən 35 faizinə qaldırılmasını istəyiblər. Onlar bunu həftələrlə davam edən nümayişlər zamanı əməkdaşların üzərinə düşən iş yükü ilə əsaslandırıblar.
Həmkarlar ittifaqlarının nümayəndələri təkrar-təkrar xidmətə cəlb olunmağın polisi tükəndirdiyini, kadr çatışmazlığı və görülən işə yetərincə qiymət verilməməsi probleminin olduğunu bildiriblər. Hökumət əlavəni 2027-ci ilin aprelindən başlayaraq üç il ərzində tədricən artırmağı təklif edib, lakin həmkarlar ittifaqları bu təklifi qeyri-kafi hesab edirlər.