Azərbaycanlı müdafiəçi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” Albaniya Superliqasında üç oyunluq qələbə seriyasını dayandırıb. Komanda çempionatın 12-ci turunda səfərdə “Skenderbeu” ilə qarşılaşıb və 0:1 hesabı ilə məğlub olub.
Meydan sahibləri görüşün ikinci dəqiqəsində hesabı açıblar. Künc zərbəsindən sonra Laqonidis başla fərqlənərək “Skenderbeu”ya qələbə qazandıran qolu vurub.
İlk hissənin sonlarında “Eqnatiya” azlıqda qalıb. Albano Aleksi ikinci sarı vərəqəni alaraq meydandan qovulub və qonaqlar matçın qalan hissəsini 10 nəfərlə keçiriblər.
Start heyətində meydana çıxan Zamiq Əliyev oyunu əvəzlənmədən başa vurub. Müdafiəçi ikinci hissədə iki təhlükəli epizodda komandasına kömək edib: 65-ci dəqiqədə rəqibin cinah ötürməsini küncə çıxarıb, 69-cu dəqiqədə isə qapıçının topu uzaqlaşdırarkən etdiyi səhvdən sonra təhlükəni aradan qaldırıb.
Məğlubiyyətə baxmayaraq, “Eqnatiya” 27 xalla turnir cədvəlinə liderlik edir.