Sergey Lavrov Ermənistanda Robert Köçəryan və ailə üzvlərinin həbsi ilə bağlı açıqlama verib.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov “RBC” telekanalına müsahibəsində Ermənistanda baş verən son siyasi proseslərə toxunub. Nazir Moskvanın mövqeyinin birmənalı şəkildə erməni xalqının mənafelərinə əsaslandığını bildirib.
Lavrov Rusiya ilə erməni xalqı arasında tarixi əlaqələrin mövcud olduğunu və Moskvanın çətin dövrlərdə İrəvana dəfələrlə dəstək verdiyini qeyd edib. O, hazırkı Ermənistan hakimiyyətinin isə fərqli prioritetlərlə hərəkət etdiyini vurğulayıb.
Xatırladaq ki, avqustun 27-də məhkəmə Ermənistanın ikinci prezidenti Robert Köçəryanın, bir gün əvvəl isə onun oğlu Sedrak Köçəryanın həbsi barədə qərar qəbul edib. İstintaq orqanları onları qanunsuz əmlak əldə etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə ittiham edir.
Lavrov müsahibəsində Ermənistanın xarici siyasətindəki dəyişiklikləri də tənqid edib. O, İrəvanın Avropa İttifaqına üzvlük prosesinə başlamasının Avrasiya İqtisadi İttifaqı ölkələrində narahatlıq yaratdığını bildirib.
Rusiya XİN rəhbərinin sözlərinə görə, Aİİ ölkələri Ermənistan rəhbərliyini referendum keçirərək seçim etməyə çağırıblar. Lakin Baş nazir Nikol Paşinyan bu məsələyə konkret cavab verməyib.
Lavrov Ermənistanın Aİ-yə inteqrasiya qanununu qəbul etməsi ilə Paşinyanın “vaxtı gələndə qərar verəcəyəm” mövqeyi arasında ziddiyyət olduğunu bildirib. O, belə yanaşmanın Ermənistan hakimiyyətinin öz xalqına olan etimadının aşağı səviyyədə olduğunu göstərdiyini vurğulayıb.