Azərbaycanda çıxarışsız evlər problemi uzun illərdir müzakirə olunur. Sənədin olmaması ev sahiblərinin əmlakı satması, bağışlaması və digər hüquqi əməliyyatları həyata keçirməsində ciddi çətinliklər yaradır. Sənədsiz evlərin alqı-satqısının məhdud olması isə onların bazar dəyərinə də təsir göstərə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" İTV-yə istinadən xəbər verir ki, Sulutəpə sakini Tariyel Cəbrayılov 1993-cü ildən həmin ərazidə yaşayır. O, evinə çıxarış ala bilmədiyi üçün gündəlik həyatda müxtəlif problemlərlə qarşılaşdığını deyir.
“Bələdiyyəyə gedirsən, arayış vermirlər ki, kupçanı gətir. Gəlirəm, kupçam yox, bir şey yox. Ondan sonra uşağı məktəbə aparıram, deyir arayış gətir bura. O biri uşağımı instituta qoyuram, deyir arayış gətir bura, görüm harada yaşayırsan. Ünvansız yerdə yaşayıram. Kupça versələr, əlbəttə ki, vergimizi ödəyərik, gedər büdcəyə”.
500 minə yaxın əmlak sənədsizdir
Ekspertlərin sözlərinə görə, Bakı və Abşeron ərazisində təxminən 500 minə yaxın çıxarışsız fərdi yaşayış evi, torpaq sahəsi və digər əmlak mövcuddur.
Sənədlərin olmaması bu əmlakların torpaq və əmlak vergisinə cəlb edilməsində də çətinlik yaradır. Nəticədə bələdiyyələr həmin əmlaklardan vergi toplama imkanından məhrum olurlar.
Paytaxt ətrafında artıq böyük yaşayış massivlərinə çevrilmiş ərazilər də var. Bu ərazilərdə küçələrə ad verilib, ünvanlar müəyyənləşdirilib, avtobus xətləri yaradılıb, məktəb və uşaq bağçaları fəaliyyət göstərir. Buna baxmayaraq, həmin ərazilərdəki bir sıra ev və digər əmlaklar hələ də çıxarışla təmin edilməyib.
Ekspertlər hesab edirlər ki, sənədsiz evlərin rəsmiləşdirilməsi həm vətəndaşların əmlak hüquqlarının təmin olunmasına, həm də dövlət və bələdiyyələrin vergi gəlirlərinin artmasına imkan verə bilər.

Məsələ Milli Məclisdə yenidən qaldırılıb
Sənədsiz evlər məsələsi sentyabrın 30-da Milli Məclisin payız sessiyasının ilk plenar iclasında da gündəmə gətirilib.
Deputat Siyavuş Novruzov bildirib ki, Azərbaycanda təxminən 500 min fərdi evin sahibi çıxarışı olmadığı üçün əmlak vergisi ödəmir.
Deputat Siayvuş Novruzov sənədsiz evlərin dövlət qeydiyyatına alınmasının və onlara çıxarış verilməsi prosesinin sürətləndirilməsini təklif edib.
“Bu gün evlər qeydiyyatda deyil və onlar bələdiyyəyə ildə bir dəfə əmlak vergisi verməlidir, bu vergini vermirlər. Nəticə etibarilə 300 min, 500 min evdən bu gün bələdiyyələr vergi yığa bilmirlər. Mən hesab edirəm ki, bu, Vergi Məcəlləsində və digər məcəllələrdə nəzərdə tutulmalıdır, bu addım atılmalıdır”.
100 minədək ev üçün hüquqi şərait yaradılıb
Qeyd edək ki, sənədsiz evlər məsələsi 2023 və 2024-cü illərdə də Milli Məclisdə müzakirə olunub.
Prezident İlham Əliyevin 2024-cü il iyulun 16-da imzaladığı fərmanda isə təxminən 100 minədək sənədsiz evə çıxarış verilməsi üçün hüquqi şəraitin yaradılması nəzərdə tutulub.
Bununla belə, sənədləşmə prosesində xüsusi mühafizə zonalarında yerləşən evlərin statusunun necə müəyyənləşdiriləcəyi də müzakirə olunan məsələlərdəndir.