Ermənistanın üçüncü prezidenti Serj Sarkisyan istefasının səkkizinci ildönümü ilə bağlı müraciət edərək, 2018-ci ildə baş nazir postuna namizədliyini irəli sürməsinin səbəblərini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xəbərinə görə, o bildirib ki, əvvəlki vədinə zidd olan bu addım dövlət təhlükəsizliyi mülahizələri ilə diktə edilib.
Sarkisyanın sözlərinə görə, ən böyük səhvi namizədliyini irəli sürməsi yox, bu qərarın motivlərini cəmiyyətə düzgün izah edə bilməməsi olub.
O, vurğulayıb ki, əsas məqsəd hakimiyyəti əldə saxlamaq deyil, Qarabağ üzrə danışıqlar prosesinin davamlılığını təmin etmək idi.
"Bəli, Nikol haqlı idi: o, sona qədər getməyə hazır idi və onun qırmızı xətləri yox idi. Mən namizədliyimi irəli sürməməli idim. Düşünürdüm ki, mürəkkəb danışıqlar fonunda gedişimin fəlakətə səbəb olacağını xalqa izah edə biləcəyik, lakin yanıldım", - deyə o etiraf edib.
Sarkisyan hesab edir ki, danışıqlar aparan şəxsin dəyişməsi əldə olunmuş bütün irəliləyişləri sıfıra endirdi və ağır nəticələrə gətirib çıxardı.
O, 2018-ci il hadisələrində iştirakının ictimai dəstəyin itirilməsi ilə nəticələndiyini qəbul etsə də, analoji şəraitdə yenə eyni addımı atacağını bildirib.
Cari siyasi vəziyyəti şərh edən Sarkisyan qeyd edib ki, keçmiş rəhbərlərin seçkilərdə iştirakı yalnız mövcud hakimiyyətin mövqelərini gücləndirir. Məhz bu səbəbdən "Ermənistan Respublikaçılar Partiyası" qarşıdan gələn seçkilərdə iştirak etməmək qərarına gəlib.
Sonda o, səslərin parçalanmasının qarşısını almaq üçün müxalifəti birləşməyə çağırıb və partiyasının parlamentdənkənar qüvvə kimi fəaliyyətini davam etdirəcəyini vurğulayıb.