Cənubi Koreyanın Pxyontek şəhərində yerləşən "Samsung" yarımkeçiricilər zavodunun yaxınlığında şirkətin on minlərlə işçisi kütləvi oturaq tətilə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" "Reuters" agentliyinə istinadən xəbər verir ki, aksiyada təxminən 40 min nəfər iştirak edir ki, bu da şirkət tarixindəki ən böyük nümayiş hesab olunur.
İşçilərin əsas tələbləri və narazılıqları aşağıdakılardır:
- Şirkətin illik əməliyyat mənfəətinin (təxminən 30 milyard dollar) 15%-i həcmində bonusların ödənilməsi.
- Rəqib "SK Hynix" şirkəti ilə müqayisədə mükafat ödənişlərindəki böyük fərqin aradan qaldırılması. Qeyd edək ki, "SK Hynix" hazırda "Nvidia" üçün süni intellekt çiplərinin tədarükündə "Samsung"u qabaqlayır.
- Hazırda illik baza maaşının 50%-ni təşkil edən mükafat limitinin ləğv edilməsi.
Həmkarlar ittifaqının məlumatına görə, tələblər yerinə yetirilməyəcəyi təqdirdə, işçilər mayın 21-dən iyunun 7-dək davam edəcək 18 günlük tətilə başlamaqla hədələyirlər. Şirkət rəhbərliyi isə hələlik əməliyyat mənfəətinin yalnız 10%-ni əməkhaqqı fondu kimi təklif edib.
Hazırda "Samsung" rəhbərliyi həmkarlar ittifaqı ilə danışıqları davam etdirir. Çünki istehsalın qısa müddətli dayanması belə süni intellekt çiplərinin istehsalını ciddi təhlükə altına sala bilər.