Şamaxıda baş verən zəlzələ nəticəsində dağıntı və ya insan xəsarəti barədə bu vaxtadək Fövqəladə Hallar Nazirliyinə (FHN) hər hansı məlumat daxil olmayıb.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”-ə FHN-dən rəsmi açıqlama verilib.
Bölgədə ikinci zəlzələ faktı qeydə alınıb. Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosunun yaydığı məlumata görə, yerli vaxtla saat 16:05-də, 3.3 maqnitudalı daha bir yeraltı təkan baş verib. Zəlzələ ocağının dərinliyi 10 kilometr təşkil edib.
Xatırladaq ki, Şamaxı rayonunda ilk təkan yerli vaxtla saat 15:52-də, 4.7 maqnituda gücündə qeydə alınıb. Ocağı 13 kilometr dərinlikdə yerləşən zəlzələ episentrdə 5 bal, ətraf rayonlarda isə 3-4 bala yaxın hiss olunub.