"Avropa İttifaqı (Aİ) Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı ABŞ-lə aparılan danışıqların nəticəsindən asılı olmayaraq, Rusiyadan enerji resurslarının idxalını birdəfəlik dayandırmaq niyyətindədir".
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bunu Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı Dan Yorgensen bildirib.
"Bu, məndən asılı olsaydı, Rusiyadan bir daha heç vaxt bir molekul belə enerji resursu idxal etməzdik. Biz Rusiyaya etibar etmirik", - Yorgensen qeyd edib.
Bildirilib ki, Avropa İttifaqı müharibə başa çatdıqdan sonra ləğv edilə biləcək sanksiyalara arxalanmaq əvəzinə, Rusiya qazının idxalının tam və daimi dayandırılmasını nəzərdə tutan qanun qəbul edib.
"Biz faktiki olaraq buna qadağa qoymuşuq. Bu, sanksiyalardan daha güclü mexanizmdir. Çünki sanksiyalar hər altı aydan bir uzadılmalıdır. Sülh əldə olunarsa, sanksiyalar, ehtimal ki, ləğv ediləcək, lakin qanunvericilik qüvvədə qalacaq", - avrokomissar bildirib.
Vurğulayıb ki, Aİ artıq Rusiya qazından asılılığını 45 faizdən təxminən 10 faizə qədər azaldıb. Birlik 2027-ci ilədək Rusiya qazının idxalını tamamilə dayandırmağı hədəfləyir.
"Yorğunluq və ya sülh şəraitindən asılı olmayaraq, biz Rusiyaya etibar etməyəcəyik və keçmişdəki səhvləri təkrarlamaq istəmirik", - Yorgensen vurğulayıb.
Avropa Komissiyasının nümayəndəsi istehlakçıları bu qış yanacaq və qaz qiymətlərinin artmasına hazır olmağa da çağırıb. Onun sözlərinə görə, son vaxtlar neft qiymətlərinin aşağı düşməsinə baxmayaraq, qarşıdakı qış yanacaqdoldurma məntəqələrində istehlakçılar üçün çətin keçə bilər.
"Bizi yanacaqdoldurma məntəqələrində kifayət qədər çətin qış gözləyir. Benzin, dizel və qaz bahalaşacaq", - o bildirib.
Qeyd edək ki, Fransa, İspaniya, Belçika və Niderland Rusiya mayeləşdirilmiş təbii qazını (LNG) almaqda davam edir. Boru kəmərləri vasitəsilə qaz tədarükü isə Macarıstan, Slovakiya və Yunanıstana davam etdirilir.