Rusiya qüvvələrinin gecə endirdiyi zərbələr Ukraynanın dörd bölgəsində enerji və qaz infrastrukturuna ziyan vurub. Eyni zamanda, Kiyev Savasleyka aerodromuna hücumlarda beş Rusiya hərbi təyyarəsinin zədələndiyini açıqlayıb. Bu barədə çərşənbə günü “AnewZ” məlumat yayıb.
Zaporojye bölgəsində vəziyyət daha çətindir
Ukraynanın Baş naziri Serhiy Koretski ölkənin cənub-şərqində yerləşən Zaporojye bölgəsinin zərbələrdən ən çox zərər çəkən ərazilərdən biri olduğunu deyib. O, “Telegram” kanalında yazıb ki, hazırda bütün diqqət həmin bölgədəki vəziyyətə yönəlib.
Koretski digər üç bölgənin adını və dağıntıların tam miqyasını açıqlamayıb. Zərbələr qışdan əvvəl, elektrik enerjisi və istiliyə tələbatın artdığı dövrdə Ukraynanın enerji infrastrukturuna təzyiqin çoxaldığı vaxt baş verib.
Kiyev beş təyyarənin sıradan çıxdığını iddia edir
Ukrayna Baş Qərargahının məlumatına görə, çərşənbə axşamı və çərşənbə günləri Rusiyanın Savasleyka hərbi aerodromuna endirilən zərbələr nəticəsində hipersəs raketləri daşımaq qabiliyyətinə malik üç MiQ-31 qırıcı təyyarəsi və iki Su-34 bombardmançısı zədələnib.
Ukrayna hərbçiləri ziyanın miqyasını hələ də qiymətləndirdiklərini bildiriblər. Onların iddiasına görə, təyyarələr müvəqqəti olaraq istifadədən çıxıb.
Bu hücumlar Rusiya Prezidenti Vladimir Putinin çərşənbə axşamı Ukraynanın Rusiya neft emalı zavodlarına zərbələrinə cavab tədbirlərinin “qaçılmaz” olacağı barədə xəbərdarlığından sonra baş verib.
Putin Kiyevi ABŞ Prezidenti Donald Trampın Rusiyanın neft emalı müəssisələrini hədəfə almamaq barədə müraciətlərinə məhəl qoymamaqda ittiham edib.