Avropa Komissiyası Rusiyaya qarşı 22-ci sanksiyalar paketini təklif edib. Tədbirlər bankları, kriptovalyuta platformalarını və Avropa İttifaqında milli bayraq altında idman yarışlarında iştirak edən rusiyalı idmançıları hədəf alır.
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bu tədbirləri noyabrın 23-də açıqlayıb. AnewZ-in məlumatına görə, təklifin məqsədi Moskvanın Ukraynadakı müharibəni maliyyələşdirmək imkanlarını məhdudlaşdırmaq, Rusiyanın Avropa idmanı və mədəniyyətindəki təsirini azaltmaqdır.
Fon der Lyayen “X” platformasında yazıb ki, yeni tədbirlərlə Rusiyanın müharibəni maliyyələşdirmə yollarına, o cümlədən banklarına və kriptovalyuta platformalarına daha güclü təzyiq göstəriləcək. O, Rusiyanın Avropa idman və mədəniyyət tədbirlərində iştirakının qarşısının alınacağını, viza qaydalarının sərtləşdiriləcəyini və sanksiyaların icrasına nəzarətin gücləndiriləcəyini bildirib. Komissiya Ukraynada davamlı sülh üçün Rusiyanın həqiqi niyyət nümayiş etdirməsinə qədər yeni sanksiyalar təklif edəcəyini də bəyan edib.
Təklifə əsasən, 60 bank beynəlxalq ödənişlərə imkan yaradan SWIFT mesajlaşma sistemindən ayrılacaq. Fon der Lyayen, həmçinin üçüncü ölkələrin Rusiyaya mövcud məhdudiyyətlərdən yayınmağa kömək etməsinin qarşısını almaq məqsədilə kriptovalyuta sanksiyaları üzrə xüsusi işçi qrupunun yaradılacağını açıqlayıb.
Avropa Komissiyası Ukraynadakı müharibədə döyüşmüş Rusiya vətəndaşlarına viza qadağası tətbiq etməyi də təklif edib. Fon der Lyayen keçmiş rusiyalı döyüşçülərin Avropa üçün təhlükəsizlik riski yaratdığını və onların ölkələrdə sərbəst hərəkət etməsinə icazə verilməməli olduğunu deyib.
Paket çərçivəsində Rusiyalı sponsorların Aİ-də yerləşən idman və mədəniyyət təşkilatlarına maliyyə töhfələri məhdudlaşdırılacaq. Rusiya vətəndaşlarının idman federasiyalarının idarəedici qurumlarında rəhbər vəzifə tutmasına da qadağa qoyulacaq.
Təklif olunan sanksiyaların qüvvəyə minməsi üçün Aİ-yə üzv 27 dövlətin hamısının yekdil razılığı tələb olunur. Yeni tədbirlər Rusiyaya qarşı indiyədək blokun ən böyük sanksiya siyahısından sonra irəli sürülüb; həmin siyahıya Rusiya rəsmiləri və silah sənayesi ilə əlaqəli şirkətlərdən təxminən 1 600 nəfər və qurum daxil edilib.
Aİ indiyədək Rusiya Prezidenti Vladimir Putin və bir sıra enerji şirkətləri də daxil olmaqla 4 200-dən çox şəxs və quruma sanksiya tətbiq edib.